I hissə
1917-ci ilin oktyabr çevrilişi ilə Rusiyada qurulan bolşevik hakimiyyəti “Sülh haqqında dekret” (26 oktyabr / 8 noyabr 1917) qəbul etdikdən az sonra, 1917-ci il 13 (26) noyabr tarixində Almaniya baş komandanlığına barışıq təklifi ilə müraciət etdi. 1917-ci il 2 (15) dekabr tarixində Brest-Litovskda Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanla Sovet Rusiyası arasında 11 maddədən ibarət barışıq sazişi imzalandı. 1917-ci il dekabrın 9-da (22-də) Sovet Rusiyası ilə Almaniya bloku ölkələri arasında başlayan Brest-Litovsk sülh konfransı 1918-ci il martın 3-nə qədər davam etdi. 1918-ci il martın 3-də tərəflər arasında imzalanan Brest-Litovsk sülh müqaviləsinə görə, Sovet Rusiyası rus ordularının işğalı altında olan Şərqi Anadolu vilayətlərini müntəzəm şəkildə boşaltmalı və Türkiyəyə geri verməli, həmçinin 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsində məğlub olan Osmanlı imperiyasının ödəyə bilmədiyi təzminatın qarşılığında Rusiyaya verməyə məcbur olduğu Qars, Ərdəhan və Batum vilayətlərini də rus ordularından dərhal boşaltmalı, bu ərazilərin yeni idarə formasına və hüquqi durumlarına qarışmamalı idi. Bu bölgələrin gələcək idarə forması qonşu dövlətlər və xüsusilə Türkiyə ilə razılaşacaq yerli əhali tərəfindən müəyyən edilməli idi. Bir qədər irəli gedib qeyd edək ki, adı çəkilən ərazilərdə yaşayan əhalinin mütləq əksəriyyətini türk-müsəlmanlar təşkil etdiyindən, keçirilən plebisitdə onlar, təbii olaraq, Osmanlı imperiyasına ilhaq olunmalarına səs verdilər.
1918-ci il fevralın 23-də bölgənin ali hakimiyyət orqanı kimi Tiflisdə yaranan Cənubi Qafqaz Seymi özünü Rusiyanın bir hissəsi hesab etsə də, bolşevik hakimiyyətini qəbul etmədiyindən Sovet Rusiyasının imzaladığı Brest-Litovsk sülh müqaviləsinin Qafqaza aid maddələrini yerinə yetirməkdən imtina etdi. Osmanlı hökuməti Brestdə Sovet Rusiyasına qəbul etdirdiyi Qafqazla bağlı müqavilə şərtlərini yeni elan olunan Cənubi Qafqaz Seyminə də qəbul etdirmək məcburiyyətində qaldı. Bu məqsədlə 1918-ci il martın 14-də Osmanlı imperiyası ilə Cənubi Qafqaz Seymi arasında Trabzonda sülh konfransı öz işinə başladı. Fevralın 12-dən Qafqaz cəbhəsində hərbi əməliyyatları bərpa edən Osmanlı qoşunları Şərqi Anadolu ərazilərini rus silahı ilə silahlanmış ermənilərdən azad edərək, martın 14-də – Trabzon konfransı açılan gün müharibədən əvvəlki türk-rus sərhədinə çatdılar. Trabzon konfransında Osmanlı hökuməti Cənubi Qafqaz Seymindən Brest-Litovsk sülhünün şərtlərini yerinə yetirməyi (Qars, Ərdəhan və Batum vilayətlərini boşaltmağı) tələb etsə də, bir ay boyunca (14 mart – 14 aprel 1918) davam edən danışıqlar uğursuzluqla nəticələndi. Seym danışıqları dayandırmaq və türk tələbləri qarşısına silahla çıxmaq haqqında qərar qəbul etdi. Lakin tərəflər arasında baş verən 8 günlük (14-21 aprel 1918) müharibədə məğlub olan Cənubi Qafqaz Seymi Osmanlı hökumətinin tələblərini qəbul etməyə məcbur oldu. 1918-ci il aprelin 22-də Cənubi Qafqazın müstəqilliyi elan edildi və Tiflis hökuməti Brest-Litovsk sülhünün şərtlərini qəbul etdiyini bəyan etdi. Lakin Tiflis hökumətinin türk tələbləri qarşısına silahla çıxması və Osmanlı imperiyasının Brest-Litovsk sülhü ilə əldə etdiyi ərazilərə (Qars, Ərdəhan və Batum) silah gücünə yiyələnməsi tərəflər arasında keçirilən Batum konfransında (11 may – 4 iyun 1918) Türkiyənin mövqeyinin daha da sərtləşməsinə səbəb oldu.
Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikası arasında may ayının 11-də keçirilən Batum konfransının ilk və son ümumi iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşənin Cənubi Qafqaz nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeliyə təqdim etdiyi 12 maddəlik müqavilə layihəsində Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhədlərdən əlavə, Türkiyə hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq bir sıra yeni ərazilər və imtiyazlar tələb edirdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Aleksandropol-Eçmiədzin-Naxçıvan-Culfa dəmir yolu daxil idi. Bundan əlavə, İngiltərəyə qarşı müharibə davam etdiyi müddətdə Türkiyəyə Cənubi Qafqazın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməli, eyni zamanda Osmanlı imperiyası tələb etdiyi təqdirdə, Tiflis hökuməti Bakı limanındakı müəssisələrlə Xəzər dənizindəki Qafqaz hökumətinə aid nəqliyyat vasitələrini Osmanlı hökumətinin sərəncamına verməli idi.
İrəli sürülən bu tələblərə münasibətdə Cənubi Qafqaz nümayəndə heyətinin, eyni zamanda Seymin ümumi fikrə gələ bilməməsi Cənubi Qafqaz federasiyasının dağılmasını labüd etdi. Cənubi Qafqaz nümayəndə heyətinin rəhbəri A.Çxenkeli mayın 13-də Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəylə görüşündə açıq şəkildə bildirdi ki, əgər Osmanlı hökuməti güzəştə getməyib irəli sürdüyü ərazi tələblərində israr edərsə, Cənubi Qafqaz hökuməti və Seym dağılacaq. Lakin Xəlil bəy qəti şəkildə bəyan etdi ki, Osmanlı hökuməti konfransın ilk iclasında irəli sürdüyü tələblərdə israrlıdır və bu məsələdə hansısa bir güzəştə getməyəcək. Bu mövqe qarşısında Cənubi Qafqaz nümayəndə heyətinin mövcudluğu, sadəcə, formal xarakter daşımağa başladı. Heyətin gürcü, azərbaycanlı və erməni nümayəndələri Osmanlı heyəti ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar və təmsil etdikləri xalqların maraqlarını qorumağa çalışdılar.
Trabzon konfransında Osmanlı hökumətinin Brest-Litovsk müqaviləsi ilə bağlı tələblərini qəbul etməyib, türk tələbləri qarşısına silahla çıxmaq mövqeyində israr edən və bununla da müharibəyə rəvac verən gürcü-erməni ittifaqı olsa da, Batum konfransında sərtləşən türk tələbləri qarşısında ən ağır və aciz vəziyyətdə qalan ermənilər oldular. Çünki Osmanlı hökuməti Brest-Litovsk sülhü ilə əldə etdiyi imtiyazlara Cənubi Qafqaz Seymi ilə müharibə aparmaqla nail olduğundan, Batum konfransında artıq Brest müqaviləsinin şərtlərini danışıqlar üçün yeganə əsas kimi görmür, Qars, Ərdəhan və Batum vilayətlərindən əlavə bir sıra yeni ərazi və imtiyazlar tələb edirdi. Əsasən İrəvan quberniyasına yönələn bu tələblər reallaşdığı təqdirdə, Qafqazda ermənilər üçün dövlət yaratmağa ərazi qalmırdı. Üstəgəl, Osmanlı ordusunun Qafqaz istiqamətində apardığı uğurlu hərbi əməliyyatlar İrəvan quberniyası ərazisində 400 000-dən çox erməni qaçqının yığılmasına gətirib çıxarmışdı. Dünya müharibəsinin əvvəllərindən başlayaraq Şərqi Anadolu ərazilərində türk-müsəlmanlara qarşı soyqırım cinayətləri törədən ermənilər bu ərazilər türk ordusu tərəfindən azad edilən zaman cəzalanacağından qorxaraq, İrəvan quberniyası ərazisinə sığınmalı olmuşdular. Qeyd edək ki, bu evsiz-eşiksiz, ac-yalavac erməni qaçqınlar Azərbaycana da böyük fəlakətlər gətirdilər. Belə ki, daşnaklar İrəvan və Yelizavetpol quberniyaları ərazisindəki türk-müsəlman əhaliyə qarşı soyqırım cinayətləri törətməklə və onları öz ev-eşiyindən didərgin salmaqla, müsəlmanlardan boşaldılan kəndlərdə Türkiyədən gələn erməni qaçqınları yerləşdirirdilər.
Gürcülər türk tələbləri qarşısında Almaniyaya sığındılar. Ermənilər də Almaniyaya sığınmağa çalışırdılar. Lakin almanlar Türkiyənin Qafqaz siyasətini pozmaq üçün gürcülərlə yanaşı, erməniləri də türk tələblərini qəbul etməməyə sövq etsələr də, erməniləri müdafiə etməkdə və himayələrinə götürməkdə maraqlı deyildilər. Buna görə də əlacsız vəziyyətdə qalan erməni nümayəndələri 1918-ci il mayın 13-də Xəlil bəy ilə görüşüb, “indiyə qədər Rusiya ilə birləşib Türkiyəyə qarşı müharibə aparan və düşmənçilik fəaliyyətləri göstərən Daşnak Partiyasının mübarizəni uduzduğunu və bundan sonra Türkiyə ilə anlaşıb onun mərhəmətinə sığınmaq haqqında qərar qəbul etdiyini” bəyan edərək, Qafqaza sığınan erməni qaçqınların öz yerlərinə geri qaytarılmasını və Aleksandropolla bağlı türk tələbindən imtina edilməsini xahiş etdilər. Lakin müsbət cavab ala bilmədilər.
Mayın 16-da Osmanlı sədrəzəmi Tələt paşadan “gürcüləri əldə edərək tezliklə işi bitirmək” təlimatını alan Xəlil bəy ertəsi gün Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski ilə görüşüb, Azərbaycan nümayəndələrinə təklif etdi ki, gürcüləri məmnun etmək üçün onlara bir qədər ərazi versinlər. Xəlil bəy sədrəzəm ilə apardığı məsləhətləşmələrdə Osmanlı imperiyasına qarşı erməni-gürcü ittifaqının yaranmasına imkan verməmək üçün gürcülərə Azərbaycan tərəfdən ərazi güzəştləri edilməsi ilə yanaşı, Türkiyənin də Axalkələk qəzasından müəyyən güzəştlər etməsi təklifini irəli sürdü və fikrini də belə əsaslandırdı ki, “bu halda biz gürcüləri tamamilə qazanıb, erməniləri tək qoyub, işimizi asanlıqla görə bilərik”. “Ermənilərlə gürcüləri ayırmaq” fikri sədrəzəm tərəfindən müsbət qarşılansa da, Osmanlı hökuməti Axalkələk qəzasından gürcülərə ərazi güzəştləri verilməsi təklifinə müsbət yanaşmayıb, bunun qarşılığında ermənilərin mənimsədikləri ərazilərin müsəlmanlarla gürcülər arasında bölüşdürülməsi təlimatını verdi. Tələt paşa Xəlil bəyə göndərdiyi 1918-ci il 18 may tarixli teleqramında yazırdı: “Ermənilərlə gürcüləri ayırmaq xüsusundakı fikrinizə tamamilə şərikəm. Ermənilərin mənimsədikləri ərazinin müsəlmanlarla gürcülər arasında bölüşdürülməsi müvafiqdir. Sırf türk olan Axalkələk qəzasının gürcülərə zərərli olacağını anladaraq, onları bu fikirdən vaz keçirin”.
Bu təlimat üzrə hərəkət edən Xəlil bəy elə həmin gün A.Çxenkeli ilə görüşüb, gürcülərin ermənilərin arxasınca sürüklənməməsini tövsiyə etdi və erməni dövlətinin yaradılmasının gürcülər üçün də zərərli olacağını anlatmağa çalışdı. A.Çxenkelidən sonra M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə görüşən Xəlil bəy Türkiyəyə qarşı erməni-gürcü ittifaqının yaranmasına imkan verməmək lazım olduğunu bildirdi və bu məsələdə Azərbaycan nümayəndələrinin gürcülərə təsir göstərməsini tövsiyə etdi.
Xəlil bəy mayın 20-də A.Çxenkeli ilə yenidən görüşərək, Cənubi Qafqaz heyətinə ultimatum vermək haqqında İstanbuldan əmr almağına böyük ehtimal olduğunu onun diqqətinə çatdırdı və qeyd etdi ki, əgər ermənilər ultimatumu qəbul etməyə yanaşmasalar, o halda gürcülər müsəlmanlarla birlikdə konfederasiyanı qoruyub saxlasınlar və ultimatumu qəbul etsinlər. Lakin A.Çxenkeli erməniləri qeyri-məmnun buraxıb müsəlmanlarla ittihadı qoruyub saxlamağın mümkünsüz olduğunu bildirdi və fikrini də onunla əsaslandırdı ki, ermənilər Cənubi Qafqazın hər tərəfinə yayıldığından, böyük problemlər yaradacaqları şübhəsizdir. O, həmçinin qeyd etdi ki, Osmanlı imperiyası böyük bir dövlət olduğu halda illərdir ki, erməni problemi ilə məşğuldur, amma həll edə bilmir, biz hansı qüvvəmizlə qeyri-məmnun olan erməniləri itaətimiz altına ala bilərik? Xəlil bəy bildirdi ki, hansısa bir ərazidə erməni hökuməti yaradılarsa, bu halda erməni komitələri əhali arasında böyük nüfuz qazanacaq, dünyanın dörd tərəfində olan ermənilər də orada toplaşmağa çalışacaq, bu da gələcəkdə Qafqaz üçün böyük təhlükə olacaq. Yox, bunun əksi baş versə, yəni ermənilər dövlət və hökumət sahibi ola bilməsələr, o halda erməni komitələri erməni əhalisi arasında öz nüfuzlarını itirəcəklər və nəticədə ermənilər əvvəldə olduğu kimi, bundan sonra da istər Osmanlı imperiyasında, istərsə də Qafqaz dövlətində qanuna tabe vətəndaş olaraq həyatlarını davam etdirəcəklər. Xəlil bəyin bütün bu arqumentləri qarşısında A.Çxenkeli yenə də əvvəlki mövqeyində israr edib, bir tərəfdən gürcü və Qafqaz müsəlmanları, digər tərəfdən də Osmanlı imperiyası ilə əhatə olunmuş bir Ermənistandan təhlükə gəlməyəcəyinə dair geniş şəkildə mülahizələrini irəli sürdü.
Mayın 20-də A.Çxenkelidən sonra Tiflisdən yeni gələn erməni nümayəndələrini qəbul edən Xəlil bəy “Trabzon konfransında türk tələblərini qəbul etməyərək danışıqların kəsilməsinə rəvac verən və müsəlman əhalisini kəndlərindən çıxarmaq üçün davam edən erməni təcavüzünün müzakirələri bu hala gətirdiyini” onların diqqətinə çatdırdı və bütün bunların nəticəsində yaranan məsuliyyəti ermənilərin öz üzərinə götürməli olduğunu bəyan etdi. Erməni nümayəndələri Osmanlı hökumətinin mərhəmətinə ümidlərini itirmədiklərini bəyan edərək və Tiflisdən yeni gəldiklərini əsas gətirərək, ultimatum verilməsinə tələsməməyi və müzakirələr üçün zaman ayrılmasını xahiş etdilər.
Xəlil bəy ermənilər qarşısında sərt mövqe ortaya qoysa da, artıq erməni dövlətinin yaradılmasının vacib olduğu qənaətinə qəlmişdi. Elə həmin gün ermənilərdən sonra M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə görüşən Xəlil bəy bu məsələni Azərbaycan nümayəndələri ilə müzakirə etdi. Azərbaycan nümayəndələri bildirdilər ki, ermənilər ultimatumu qəbul etməyib inad edəcəklər və bu halda Osmanlı ordusunun təzyiqi qarşısında geri çəkiləcək yüz minlərlə əlisilahlı, yurdsuz-yuvasız ermənilər müsəlman kəndlərinə soxulub, türk-müsəlman əhaliyə qarşı qırğın, qətl və bir çox təxribatlar törədəcəklər. Gürcülərdən fərqli olaraq, müsəlman əhali silahsız və ordusuz olduğundan, xalqı erməni təcavüzündən qorumaq mümkün olmayacaq. Xəlil bəy Azərbaycan nümayəndələrinə ermənilərlə sülh şəraitində keçinməyi məsləhət gördü və bu halda Osmanlı ordusunun dərhal müsəlmanların köməyinə gələcəyini, əgər ermənilər mane olarsa, o halda da ordunun bu vəzifəni döyüşərək icra edəcəyini bildirdi və eyni zamanda Azərbaycanın fədakarlıq edib Osmanlı imperiyasına birləşdiriləcək ərazinin qarşı tərəfində ermənilərə bir qədər ərazi güzəştə getməsini təklif etdi. O qeyd etdi: “Böyük məsələ həll edərkən fədakarlıq etmək lazım gəlir. Bizim alacağımız ərazinin qarşı tərəfində ermənilərə bir qədər ərazi ayırsanız əgər, onları müqavimət göstərməkdən çəkindirmək mümkün olacaqdır”. Xəlil bəy Azərbaycan nümayəndələrinə etdiyi bu təklif barəsində A.Çxenkeliyə də məlumat verdi.
Gürcü, erməni və Azərbaycan nümayəndələri ilə keçirdiyi bu görüşlər və aparılan müzakirələr barədə elə həmin gün (mayın 20-də) sədrəzəmə göndərdiyi teleqramda ətraflı məlumat verən Xəlil bəy bu müzakirələrdən gəldiyi qənaətləri aşağıdakı şəkildə ümumiləşdirərək, qeyd edirdi: “Əgər ermənilər sona qədər müqavimət göstərməyə qərar versələr, o halda gürcülər konfederasiyanın dağıldığını elan edərək özlərini hərc-mərclikdən qorumaq üçün müstəqilliklərini elan edəcəklər. Bununla yanaşı, heç bir tərəfin hakim olmayacağı bir məmləkətdə daxili anarxiya da baş qaldıra bilər... Bunun üçün də həm konfederasiyanı dağıtmamaq, həm də təkliflərimizi qəbul etdirmək, əks təqdirdə, ermənilərlə gürcüləri ayırmaq ilə məşğulam. Keçən zamanın bizim üçün çalışmasından əmin olun”.
Xəlil bəyin mayın 20-də M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə keçirdiyi görüşdə verdiyi təklif və tövsiyələrə uyğun olaraq, ertəsi gün Azərbaycan nümayəndələri erməni nümayəndələri – Ovanes Kaçaznuni və Aleksandr Xatisovla görüşüb, erməni dövləti yaradılması məsələsi ilə bağlı müzakirələr apardılar. Bu müzakirələrdə Batum konfransındakı Azərbaycan nümayəndələri Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Həsən Hacınski, Aslan bəy Səfikürdski və Əhməd bəy Pepinovdan başqa, Tiflisdən yenicə Batuma gəlmiş Seymin müsəlman fraksiyasının üzvləri Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəyli və Xəlil bəy Xasməmmədov da iştirak edirdilər. Müzakirələrin yekununda belə bir razılıq əldə edildi ki, ermənilər Yelizavetpol quberniyasının bir hissəsinə, konkret olaraq Qarabağa olan iddialarından imtina edirlər, bunun qarşılığında Azərbaycan tərəfi Cənubi Qafqazda “Aleksandropol quberniyası” hüdudlarında xüsusi erməni kantonunun təşkilinə razılaşır...
(davam edəcək)
Vasif QAFAROV
AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent
İSTİFADƏ EDİLMİŞ MƏNBƏ VƏ ƏDƏBİYYAT
- Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 1.
- ARDA, f. 970, siy. 1, iş 4.
- ARDA, f. 970, siy. 1, iş 7.
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f. 276, siy. 9, iş 1.
- Türkiye Cumhuriyeti Genelkurmay Askeri Tarih ve Stratejik Etüd Dairesi Başkanlığı Arşivi (ATASE), BDH, K. 2917, D. 493, F. 1-136, 1-137.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-1.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-2.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-11.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-21.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-26:3-29.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-31.
- ATASE, BDH, K. 2919, D. 499, F. 3-32.
- ATASE, BDH, K. 2930, D. 553, F. 4.
- Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı (BOA), HR.HMŞ.İŞO, no. 124/19.
- BOA, HR.HMŞ.İŞO, no. 124/20.
- BOA, HR.SYS, no. 2371/6.
- BOA, HR.SYS, no. 2372/1.
- BOA, HR.SYS, no. 2372/3.
- BOA, HR.SYS, no. 2398/4.
- BOA, HR.SYS, no. 2398/5.
- BOA, HR.SYS, no. 2399/1.
- Ermeni Komitelerinin İhtilal Hareketleri ve Besledikleri Emeller. Hazırlayan: İsmet Parmaksızoğlu. Ankara: DSİ Basım ve Foto-Film İşletme Müdürlüğü, 1981.
- Menteşe H. Osmanlı Mebusan Meclisi Reisi Halil Menteşe’nin Anıları. Hazırlayan: İsmail Arar. İstanbul: Hürriyet Vakfı Yayınları, 1986.
- Hovannisian R.G. Armenia on the Road to İndependence 1918. Los Angeles: Berkeley, 1967.
- Авалов З. Независимость Грузии в международной политике 1918-1921 гг. Воспоминания. Очерки. Париж: 1924.
- Качазнуни Ов. Дашнакцутюун больше ничего делать! Баку: Элм, 1990.
- Сокращенный перевод с армянского языка монографии Джона Киракосяна “Младотурки перед судом истории”. Ереван: Издательство “Айастан”, 1986 г. - http://armenianhouse.org/kirakosyan/youngturks-ru/chapter07.html