1231
15:09
21 May 2019

Fuad Abbasovla bağlı Rusiya İstintaq Komitəsinə müraciət olundu

Rusiyada jurnalist və bloqger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasovun vəkili Elman Paşayev Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinə müraciət edib.
Bu barədə ONA -nın Moskva müxbirinə məlumat verən vəkil müraciətin Fuad Abbasovun saxlanılarkən fiziki təzyiqə məruz qalması ilə bağlı olduğunu bildirib: "Fuad Abbasov saxlanılarkən vəhşicəsinə döyülüb. Bu, qanunsuzdur. Harada görülüb ki, inzibati məsuliyyətə görə saxlanılan adamla belə rəftar edilsin, qoluna qandal vurulsun? Ona görə də bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət olunub. Fuad Abbasovla bu cür rəftar edən hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşib. Onlara qarşı cinayət işi başlanmalıdır".
Vəkil İstintaq Komitəsinə müraciətdə Fuad Abbasova qarşı bu hərəkəti törədən hüquq-mühafizə orqanları əməkdaşlarının müəyyən olunmasının və onlar barəsində cinayət işi açılmasını tələb etdiklərini söyləyib.
Qeyd edək ki, mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı qərar çıxarıb. Qərara əasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Fuad Abbasovla bağlı ölkəyə girişinin qadağan olunması ilə bağlı qərarı qüvvədə qalıb. Mayın 16-da Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq ilk öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə Azərbaycana deportasiya oluna biləcəyini söyləyib.