"Münasibətlərin soyumasında maraqlı qüvvələr var" - <span style="color:red;">Bakının Tiflisə mesajı
07 may 2019 16:01 (UTC +04:00)

"Münasibətlərin soyumasında maraqlı qüvvələr var" - Bakının Tiflisə mesajı

Azərbaycan ilə Gürcüstan arasında mübahisəli ərazidə yerləşən “Keşikçidağ” (və ya “David Qareci”) məbədi ətrafında son günlər yaranmış vəziyyət gərginləşməkdə davam edir.
 
Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Demokratik Azərbaycan Naminə İctimai Birliyin sədri Elməddin Behbud bildirib ki, iki ölkə arasında müzakirə predmeti olan ərazinin hüquqi taleyi ilə bağlı qərarın nə olacağını birmənalı olaraq demək çətindir:
 
 
“Ancaq həm Gürcüstan tərəfində hökumət rəhbərinin, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı açıqlamalarında qeyd olunur ki, Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın işi təcili olaraq bərpa olunmalıdır. 
 
Qeyd edim ki, həmin ərazi keçmiş Tiflis və Yelizavetpol quberniyalarının sərhəd ərazisinə düşür və bundan qaynaqlanaraq da gürcülərin oralara iddiası var. Bundan başqa, 19 dekabr 2007-ci ildə cənab prezident İlham Əliyevin 2563 saylı sərəncamı ilə mağaralar kompleksindəki zəngin tarixi-etnoqrafik, mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə ərazi tarix-mədəniyyət qoruğu elan edilib.
 
Heç vaxt bir dövlət başqa dövlətin ərazisində hansısa siyasi, ictimai, mədəniyyət tədbirləri ilə bağlı qərar vermir. Ona görə də həmin yer Azərbaycan ərazisidir. Mən düşünürəm ki, o ərazi heç bir dövlətə güzəşt edilə bilməz. Həmin qoruğa daxil olan 70 mağara, 1 qala, 2 məbəd və 1 inanc yeri var”.
 
Elməddin Behbud əlavə edib ki, ərazi ilə bağlı onsuz da Azərbaycan qonşu dövlətlərə çox güzəşt edib:
 
“Həmin “Keşikçidağ” məbədinin qarşısında olan Saqareco rayonu (Qaraçöp) da Azərbaycan torpağıdır. Yəni, o yan da, bu yan da bizimdir. Güman edirəm ki, ora Azərbaycan ərazisində qalacaq və bu məsələ də bitəcək. Sadəcə bundan spekulyasiya aləti  kimi istifadə edənlər, bu mövzu ətrafında manipulyasiya edən üçüncü qüvvələrin təsiri ilə ortada olan bir sıra qüvvələr var ki, onlar Azərbaycan-Gürcüstan münasibətlərinin soyumasında maraqlıdırlar. Həmin şəxslərin bizim münasibətlərə təsir edə biləcəklərinə isə inanmıram”.
 
Mövzu ilə bağlı  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Gürcüstan hakimiyyəti Azərbaycanla münasibətləri süni surətdə gərginləşdirir:
 
 
“Bunu ya bilərəkdən, ya da sifarişlə edirlər. Zurabişvili Bakıda bu mövzunu prezident İlham Əliyevin diqqətinə çatdırdı. O bununla kifayətlənmədi, daha sonra sərhəddə gələrək “34 faiz“ söhbətini təkrarladı. Yəni rəsmi Bakı Zurabişvilinin mesajını aldı, bununla məsələyə nöqtə qoymaq olardı. 
 
Azərbaycanın da marağındadır ki, strateji tərəfdaşı ilə sərhədin tamamını müəyyənləşdirsin. Məhz elə bu məqsədlə prezident sərəncam verərək peşəkar diplomat Xələf Xələfovu yenidən köhnə vəzifəsinə qaytardı. Əslində bu təyinatın özü Bakının Tiflisə mesajıydı ki, sərhədin müəyyənləşdirilməsiylə bağlı danışıqları intensivləşdirəcəyik.
 
Buna baxmayaraq, Gürcüstan hakimiyyəti və cəmiyyəti Azərbaycanla sərhəd mövzusunu gündəmin başlıca mövzusuna çevirib. Açıqlamaların ardı-arası kəsilmir, sanki Gürcüstanın bundan başqa ayrı problemi yoxdur”.
 
E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan və Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyiblər və heç zaman azərbaycanlılar üçün muxtariyyət tələb etməyiblər:
 
“Halbuki, soydaşlarımız tarixi Azərbaycan torpaqlarında yaşayırlar. Ancaq azərbaycanlılar gürcülərə heç zaman arxadan zərbə vurmayıblar, bu haqda düşünməyiblər, abxazlar, osetinlər və ermənilərdən fərqli olaraq Gürcüstanın ərazi bütövlüyünə qarşı xain planlar qurmayıblar. 
 
Üstəgəl Azərbaycan Gürcüstanı özünə dost bilib, qonşu ölkəni bütün enerji layihələrinə cəlb edib, ucuz qaz satıb, qazlaşdırmanı həyata keçirib və investisiyalar yatırıb. Yəqin rəsmi Tbilisi düşünür ki, bu elə belə də olmalıdır, onsuz da Azərbaycan enerji layihələrinin dünya bazarlarına çatdırılmasında Gürcüstandan asılıdır və onlar bizə qarşı hansı tələbi irəli sürsələr biz yerinə yetirmək məcburiyyətindəyik. Bunun belə olmadığını Gürcüstan hakimiyyətinə anlatmaq lazımdır”.
 
# 1692
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar