362
22:05
23 Aprel 2019

Ağsuda zəlzələdə dağılan 66 evin tikintisinə başlandı

Ağsu rayonunda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam etdirilir.
Bu barədə Ağsu rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda rayon ərazisində 66 ev yenidən inşa olunur. Həmin evlərin 47-si Fövqəladə Hallar Nazirliyi, 19-u isə Heydər Əliyev Fondu tərəfindən tikilir:
"İnşa edilən evlərin bir neçəsinin tikintisi başa çatmaq üzrədir. Artıq bəzi evlərin dam örtüyü vurulur, bəzilərinin isə fasad suvanmasına başlanıb. Bir neçə evin elektrik xətləri də çəkilib. Yaxın vaxtlarda evlərin inşası başa çatdırılacaq".
Komissiyadan bildiriblər ki, zəlzələdən zərər çəkən ev və obyektlərlə bağlı müraciətlər daxil olmaqdadır. Komissiya müraciətlər əsasında evlərə baxış keçirir.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.
(Trend)