339
19:35
05 Mart 2019

Azərbaycan-İsveçrə siyasi məsləhətləşmələri keçirilib

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
XİN-dən ONA -ya verilən məlumata görə, görüşdə iştirak edən nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, İsveçrə tərəfindən isə bu ölkənin Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanq rəhbərlik ediblər.
Məsləhətləşmələr zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilərək, əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə edib. və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. İki ölkə arasında iqtisadi əlaqələr və qarşılıqlı sərmayələr, o cümlədən, “Holcim”, “Stadler Rail Group” və digər İsveçrə şirkətlərinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilərək, əməkdaşlığın, xüsusən də iqtisadi sahədə daha da gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda fikir mübadiləsi aparılaraq, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət müzakirə edilib. Münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanaraq, İsveçrənin münaqişə tərəfləri arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazır olması yüksək dəyərləndirilib.
Bundan əlavə, tərəflər Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkənin təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələrində, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsində İsveçrə şirkətlərinin iştirakı, Azərbaycan və İsveçrə arasında hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, kənd təsərrüfatı, elm və təhsil sahələrində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.