453
09:50
02 Mart 2019

"Bizə qadağa qoyulub" - Tahir İmanov

“Nəzərinizə çatdırmaq istəyirəm ki, son illərdə bizə qoyulan qadağalara baxmayaraq, biz aktiv fəaliyyətimizi davam etdiririk. Bunun nəticəsi kimi, Leyla xanımın köməyi ilə biz Rusiyada çox böyük filmi təqdim etdik. Nəinki Rusiyada, MDB-nin 9 ölkəsində bu film yayım hüququ aldı. Hazırda ikinci film üzərində işləyirik. İkinci Dünya müharibəsi qəhrəmanı, milliyyətcə azərbaycanlı olan Əhmədiyyə Cəbrayılov haqqında film üzərində işləyirik. Daha dəqiq desəm, Rusiya Prodüserlər Gildiyasının prezidenti Renat Davletyarovun, həmçinin Rusiya Kino Fondu adlı bir qurum var, onların razılığını almışıq. Hörmətli səfirimiz Polad Bülbüloğlu bu barədə Rusiya Mədəniyyət Nazirliyinə də məktub yazıb, onlardan da müsbət cavab almışıq. Hətta Rusiyanın “Rossiya 1” kanalı bu filmin 4 seriyasında maraqlıdır ki, film orada da işıq üzü görsün. Bildiyiniz kimi, 2020-ci ildə bütün bəşəriyyət faşizm üzərində Qələbənin 75 illik yubileyini qeyd edəcək. O cümlədən də biz - Azərbaycan Respublikası. Ona görə Sizdən xahiş edirəm ki, bizə bu işdə yardımçı olasınız”.
ONA -nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə əməkdar artist Tahir İmanov deyib.
T.İmanov bildirib ki, onlar sponsorluqla bağlı bir neçə biznesmenə, tanınmış iş adamlarına müraciət ediblər: “Hamı bir nəfər kimi deyir ki, qadağalarınız olmasaydı kömək edərdik. Sizdən xahiş edirik ki, bizə bu işdə yardımçı olasınız. Əgər imkan olarsa, başqa bir görüşdə biz bu barədə daha ətraflı məlumat verə bilərik”.
T.İmanov, həmçinin, teatrın aparıcı aktyorları Bəhram Bağırzadə və Cabir İmanov üçün fəxri ad, babası, bəstəkar Süleyman Ələsgərovun 95 illiyi ilə əlaqədar adına bir küçə verilməsini xahiş edib.
Qeyd edək ki, görüşdəki yekun nitqində Prezident İlham Əliyev Tahir İmanovun söylədiklərinə reaksiya verib: “Mən bilmirəm, mən Əbülfəs Qarayevdən soruşdum, kim qadağa qoyub sizə? Sizə heç kim qadağa qoya bilməz. Əgər qadağanı kim qoyub, de, biz bu qadağanı aradan götürək”.
Tahir İmanov isə özəl telekanalların qadağa qoyduğunu qeyd edib.
Prezident İlham Əliyev bunun səhv olduğunu bildirib: “Onlara məsləhət görürəm, tövsiyə edirəm ki, əgər doğrudan da bu qadağa varsa, tamamilə götürülməlidir. Hesab edirəm ki, bütün televiziya kanalları sizin kimi istedadlı insanlar üçün açıq olmalıdır”.
Prezident burada hansısa anlaşılmazlıq olduğunu bildirib: “Dövlət xətti ilə sizə heç bir qadağa qoyula bilməz. Mən sizi artıq 20 ildən çoxdur ki, tanıyıram. Əvvəlki illərdə yaxşı təmaslarımız olubdur. Bu gün də sizin fəaliyyətinizi izləyirəm. Gördüyünüz işlərlə bağlı mənə müntəzəm olaraq məlumat verilir. Şadam ki, siz öz fəaliyyət dairənizi genişləndirirsiniz. Siz çox istedadlı insanlarsınız və Azərbaycan xalqı sizi çox sevir”.
Prezident, həmçinin, Süleyman Ələsgərovun adına küçə verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş verib.