344
17:05
25 Fevral 2019

“Xəyalpərvər” gerçəkləşdi - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər Tamaşası” layihəsi keçirilib.

Teatr Xadimləri İttifaqından Lent.az a verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Teatr Xadimləri İttifaqını böyük səhnəsində Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Yaradıcılıq Mərkəzi”nin tələbələrinin və gənc rejissorların iştirakı ilə vətənpərvərlik mövzusunda hazırlanmış, Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunan “Xəyalpərvər..” adlı tamaşa oynanılıb.

“Xəyalpərvər...” tamaşasının süjeti fantosmoqrafikdir. Tamaşada Qarabağ müharibəsi qəhrəmanlarının daxili aləmi, torpağa bağlılığı ruhi kontekstdə verilir. Biz qəhrəmanlarla ölümlərindən sonra tanış oluruq. Vətən uğrunda canından keçməyə hazır olan milyonların əvəzindən döyüşlərdə şəhidlik zirvəsinə qovuşan bu adamlar bütün Azərbaycanın əksidir. Süjetdə hər kəs özünü tapacaq. Yüz il bundan əvvəlki azərbaycanlı ilə yüz il sonrakı görüşəcək sanki... Bu görüş Vətənə, Millətə, Dövlətə məhəbbəti təcəssüm etdirir...

Tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu, rejissor assistenti Nicat Tarverdili, səs rejissoru Azər Məhərrəmov, dramaturq Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.

Layihənin keçirilməsində məqsəd gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaq, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanlarımızın tanıdılması, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidlikləri haqqında tam ətraflı məlumat verməkdən ibarətdir.