Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi?
18 noyabr 2015 19:54 (UTC +04:00)

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi?

“İnformasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizliyin tərkib hissəsidir”...
 
“İnternet həmişə alternativliyi sevir”...
 
“Ölkədə internet təchizatının 90 faizinin bir şirkət tərəfindən aparılması problem yaratdı”...
 
“Əvvəllər kiber hücumlar həvəskar hakerlər tərəfindən törədilirdi, lakin indi bu maliyyə institutlarının nəzarəti altında olan peşəkar kiber qruplar tərəfindən törədilir”...
 
“Azərbaycanda peşəkar İT kadrlarının hazırlığı ilə bağlı problem var”...
 
“Vaxtaşırı qurumların informasiya təhlükəsizliyinin auditi keçirilməlidir”...
 
Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
 
Əslində, internet bağlantısının kəsilməsinin informasiya təhlükəsizliyi məsələsi olduğunu deyən qonaq ölkənin bir neçə saat internetsiz qalmasını dəyərləndirib: “Bu sahə spesifik bir sahədir, burada xüsusi avadanlıqlardan, fiberoptik kabellərdən istifadə olunur və adi tüstülənmələr zamanı adi qaydada söndürmək mümkün deyil. Belə halların təkrar olunmaması üçün alternativlər olmalıdır, "Delta-Telekom" şirkəti tərəfindən ölkəyə gətirilən internetlə bağlı alternativlər təmin olunub. Ölkəyə Avropa, Rusiya, Türkiyə, İran üzərindən internet gəlir və "Delta-Telekom" tərəfindən 30 provayderə paylanır. Magistral xətlərin "Delta-Telekom"a daxil olma nöqtəsinə qədər heç bir problem olmayıb, əsas problem paylanma nöqtəsində, müştəri avadanlıqları bölməsində olub. Görünür, bu sektorda ciddi təhlükəsizlik tədbirlərinə ehtiyac varmış. Paylayıcı sistemin müştəri avadanlıqlarının bir nöqtədə qurulması  doğru deyil”.
 
Qonağın fikrincə, informasiya təhlükəsizliyi konsepsiyasının işlənməsi vacibdir: “Qloballaşan dünyada informasiya həm biznesdir, həm pul, həm də silahdır. Ona görə də belə hallar qaçılmazdır, bu hal sabah da ola bilər, amma dərhal alternativlər işə düşməlidir. İnternet təchizatının 10 faizi “Azərtelekom”da, 90 faizi "Delta-Telekom"dadır. Buna görə də belə fəsadlar yarandı”.
 
Osman Gündüz internet kəsilməsi ilə bağlı təxribat versiyasını da istisna etməyib: “Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən, “Delta-Telekom” ərazisi qorunan sahə sayılır, burada müəyyən mühafizə standartlarına əməl olunur. Şirkətin kifayət qədər peşəkar mütəxəssisləri var və öz komandası hesabına bu cür fəsadları aradan qaldıra bilir. Bu gün online rejimdə xeyli sayda infrastruktur müəssisələri var, səhiyyə, təhsil, təhlükəsizlik, bank xidməti sektoru buna aiddir”.
 
AİF prezidenti baş verən hadisənin illərlə cəmiyyətdə ciddi narahatçılığa səbəb olduğunu deyib: ““Delta-Telekom" nəhəng, beynəlxalq aləmdə tanınan, ciddi qurumların sertifikatına layiq görülən, audit yoxlamalarından keçmiş bir şirkətdir. Bu şirkətin Azərbaycanda internet quruculuğu sahəsində, internet infrastrukturunun formalaşmasında, beynəlxalq aləmdən, qlobal dünyadan interneti Azərbaycana alternativlər üzərindən gətirilməsi sahəsində müstəsna xidmətləri mövcuddur. Amma baş verən hadisə "Delta-Telekom"un 10 illər ərzində görülən nəhəng işlərini bir saniyədə məhv edə bilər. Şirkətin Gürcüstana və  digər ölkələrə satdığı internetdə problem olmayıb”.
 
Osman Gündüz kiberhücumların həmişə ola biləcəyini deyib: “Dünya elə mərhələyə çatıb ki, inkişaf varsa, bura hücum da var. İnternet inkişaf etdikcə, kiber təhlükəsizlik də inkişaf etdirilməlidir, çünki kiber cinayətkarlar da inkişaf edir. Əvvəllər kiber cinəyatkarlığı  həvəskar hakkerlər törədirdi, indi bu hakkerlər dövlətin himayəsində olan müəyyən qruplara çevrildi, maliyyə institutların nəzarəti altında olan dəstələrə çevrildi, indi ölkələrdə kiber silahlı dəstələr var. Ona görə də hücum ehtimalı həmişə var, əsas odur ki, bunun profilaktikası olmalıdır. Dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavab verən ayrı-ayrı qurumlar yaradılıb”.
 
Ekspert ölkədə peşəkar İT kadrlarının hazırlanması sahəsində boşluqların olduğunu bildirib: “Bizdə yaxşı, ixtisaslı İT mütəxəssisləri yetərincə deyil. Buna həmişə ehtiyac var. İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislərə sifariş verən əsas qurumlardan biri MTN-dir. Eyni zamanda bəzi ali məktəblərdə də kadrla bağlı  müəyyən addımlar atıldı. Lakin yenə peşəkar kadra ehtiyac var. Bizim bu sahədə yaranan çətinliklərimizin əsas səbəbi dolayısı ilə kadrlarla bağlı olur”.
# 188
avatar

Oxşar yazılar