Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA  - Narkotik... -YENİLƏNİB
07 may 2024 16:19 (UTC +04:00)

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA - Narkotik... -YENİLƏNİB

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar AQTA tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Bu barədə Lent.az-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb. Bununla bağlı bildirik ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir.

***

14:58

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

***

 

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib. 

Çağırış ünvanında 2 nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb. 2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir.

***

13:49

Səbail rayonu ərazisində yerləşən məşhur oteldə zəhərlənərək sağ qalan iki nəfərin son durumu açıqlanıb. 

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, iki nəfər (kişi cinsli) zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

***

13:36

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, zəhərlənmə qidadan baş verməyib. Başqa bi iddiaya əsasən isə, hadisəyə səbəb psixatrop maddələr olub. Eyni zamanda, zəhərlənərək ölənlərdən birinin Astara Gömrük İdarəsinin əməkdaşı, digərinin isə hərbçi olduğu deyilir.

Qeyd edək ki, bu barədə ilkin məlumat "Bakupost" saytında paylaşılıb. 

# 11931
avatar

Fidan İlqar

Oxşar yazılar