İnəyi doğmayan, əri xəyanət edənlərin mədət yeri - “Tiktoklaşan” falçılıq
14 yanvar 2025 17:39 (UTC +04:00)

İnəyi doğmayan, əri xəyanət edənlərin mədət yeri - “Tiktoklaşan” falçılıq

Qızı ərə getməyən, oğlu iş tapmayan, uşağı olmayan, əri içki düşkününə çevrilən, inəyi doğmayan, əri xəyanət edən, hininə tülkü girənlərin mədət umduğu yer - falçılar! İnsanlar öz bədbəxtliklərini qabaqlamaq üçün onlara üz tuturlar. Cəmiyyətdə günü-gündən daha çox qarşımıza çıxan bu qədim adətin, inancın səbəbi, əlbəttə ki, cəhalətdir, bu heç! Lakin əsas məsələ falçıların verdiyi proqnozları insanlar talelərinin bir parçası kimi görüb o cür yaşayıb, qərarlar verməsidir.

Bölgələrdə vəziyyət daha dəhşətlidir. Məsələn, kəkələyən uşağı aparırlar falçı yanına. O da 1-2 ərəbcə söz oxuyub, uşağın üzünə üfürüb, yanbızına tüpürüb, deyir, gedin əbabil sidiyi ilə çaqqalın öd kisəsindən çıxan seliyi bir-birinə qatıb sürtün baldırına, 1 həftəyə uşaq natiq olacaq!

Universitet vaxtı rayondan Bakıya oxumağa gələn tanışım danışırdı ki, abituriyent olduğu dönəmlər bir qonşu qızla birlikdə hazırlaşırmışlar. Anası qızının universitetə girib-girməyəcəyini öyrənmək üçün qoltuğuna da bir beçə vurub, gedib falçı yanına. Falçı deyib ki, qızın universitetə girəcək, amma ilk kurslardan bir oğlana qoşulub qaçacaq. Başılovlu evə qayıdan anası qızı bütün hazırlıqlardan çıxarıb: "Qaxıl, otur dizimin dibində, adımızı batırma!" 

Bu falçılar həm də bütün tilsimləri, cadu-pitiləri deşifrə edən "müqəddəs hakerlər” olurlar. İnsanlardan 300-500 manat pul alıb, kimisinin evinin divarından qurd yağını silir, kimisinə edilən qara magiyanı "murdarlayırlar".

Bütün dəyərlərin “tiktoklaşdığı” dünyada zamanın tələbləriylə uyğunlaşmağa can atan falçılar kartlarını, güzgülərini, kitablarını götürüb virtual aləmə köç etdilər. Son dönəmlərin əsas trendlərindən biri də "Tik-Tok"da canlı açıb fala baxanlardır. Kütlə öz suallarını canlı yayımda rəylərdə bildirir. Məsələn, "bu il ərə gedəcəm?", "Oğlum universitetə daxil olacaq?", “Ərim mənə xəyanət edir?” və sair və ilaxır. Virtual falçımız da kitabı açıb öz proqnozlarını verir. Əslində, o kitabı oxusa, görər ki, orada falçılığın ən böyük günahlardan biri olduğu yazılıb.

Bəzən mənə maraqlı gəlir, görəsən, həmin o “ilham aldıqları dünyaya” da internetləmi qoşulurlar?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Rəhman Mirzəlizadə

Oxşar yazılar