Çoxlu şirkətlər açan "tenderlər kralı"nın  ölkədən çıxışına STOP QOYULDU
24 oktyabr 2025 14:10 (UTC +04:00)

Çoxlu şirkətlər açan "tenderlər kralı"nın ölkədən çıxışına STOP QOYULDU

0

Azərbaycanda məşhur iş adamı Çarçarov Elnurun ölkədən çıxışına qadağa qoyulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, “Yulas SM”, “Asrol LL 2024” MMC-lər və daha iki adı çəkilməyən şirkətin dövlət büdcəsinə, eləcə də fondlara vergi borcu yığılıb. Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi borcun ödənilməsi üçün sahibkara 5 gün vaxt verib. Lakin borc ödənilməyib. Sonra həmin qurum biznesmenə borcu ödəməyəcəyi təqdirdə ölkədən çıxışına qadağa qoyulacağı barədə xəbərdarlıq edib. Amma bu da faydasız olub. Nəticədə Baş İdarə Bakı Kommersiya Məhkəməsinə üz tutub.

İddiada adı çəkilən MMC-lərin sahibinin yaranmış borcu ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilib.

Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən iclasda iddia təmin edilib.

Qeyd edək ki, “Yulas SM” və “Asrol LL 2024” MMC-lər tanınmış iş adamı Çarçarov Elnur Rafiq oğluna məxsusdur. Həmin şirkətlərin və adı çəkilməyən iki MMC-nin dövlət büdcəsi ilə yanaşı fondlara ümumilikdə 5609 manat borcu olub.

Elnur Çarçarovun adı mediada daha çox tenderlər qalibi kimi çəkilib. Belə ki, ona məxsus şirkətlər Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzi,  Bakı Baza Tibb Kolleci, “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”, Bakı şəhər İcra Hakimiyyəti və s. qurumlarla tender müqavilələri bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 812

Oxşar yazılar