Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı İlahim Mehralıyev və Mehman Alməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehman Alməmmədov təslim aktındakı imzanın ona məxsus olmadığını deyib:
"Bunu müstəntiqə də dedim. Guya İlahim mənim göstərişimlə iş görüb, bu tamamilə yalandır. Mən karqo işlətmişəm: gömrük bəyannamələrim, sənədlərim qaydasında olub. Bir belə şeyləri mənə bağlamaqları absurddur, özümü təqsirli bilmirəm. Mənə də maraqlıdır ki, necə bu oyunlara düşmüşəm?! Müstəntiqə də dedim ki "məni niyə qurbanlıq edirlər?".
Daha sonra təqsirləndirilən M. Alməmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
Vəkil şifahi vəsatət verərək, sözügedən imzalarla bağlı ekspertiza keçirilməsini məhkəmədən xahiş edib. Məhkəmə müşavirədən sonra bu vəsatətin təmin edilmədiyini elan edib.
Digər təqsirləndirilən İlahim Mehralıyev iş üzrə göstərilən 11 şahidin heç birini tanımadığını bildirib:
"Mən ifadə vermədiyim halda adımdan ifadə var. İmzaların araşdırılmasını istəyirəm. Aidiyyəti orqanlar pulu yeyib, bizi burada oturdublar".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başladığını elan edib. Bildirilib ki, araşdırma nəticəsində hər iki təqsirləndirilən şəxsin 299 şirkətin üzərində imza hüquqlarının olduğu məlum olub. Şirkətdə qeyddə olan işçilərin bir neçəsi qeyri-leqal fəaliyyət göstərib. Xarici şirkətlər Azərbaycandan olan şəxslər tərəfindən idarə olunub.
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən İlahim Mehralıyevin 16 il, Mehman Alməmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə vəkili isə çıxış üçün vaxt verilməsini xahiş edib.
Məhkəmənin növbəti prosesi 28 oktyabr saat 11:10-a təyin olunub.
Xatırladaq ki, Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək mənimsəmədə ittiham olunurlar. Onların 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəzaçəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Fərqanə Novruzova