Səbuhi Məmmədli
10 oktyabr 2025 16:33 (UTC +04:00)

Səbuhi Məmmədli

Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili

0

Onunla vidalaşmağa gedə bilməmişdik, bir gün son mənzilini ziyarət edərik deyib, özümüzə təsəlli vermişdik. Həmin günün nə zaman olacağını, dəfn olunduğu Ucara yolumuzun nə vaxt düşəcəyini bilmirdik. Nə vaxtsa...

Düz il yarım sonra. Sırf təsadüfdən Ağdam-Bərdə-Bakı yoluna dönəsi oluruq. Ucara girəndən xeyli yol qət etmişik. Birdən növbəti kəndin adı yazılan lövhəni keçirik. Qeyri-ixtiyari “Müsüslü” deyib, kəndin adını harda eşitdiyimi xatırlamağa çalışıram.

Redaktə etdiyim xəbərlərdən tanışdır yəqin. Anidən nidama gəlir. "Səbuhinin kəndi" deməyimlə maşının dayanmağı bir olur. Onu məndən də qabaq tanıyan, ziyarət edəcəyimizə söz verən keçmiş tanışı dillənir:

- Googleyə bax gör həmin kənddirmi?

Baxıram və yanılmadığımı görürəm.

- Magistral yoldan geri qayıtmaq olur ki?

- Qayıdarıq...

Maşını tərpədəndə yol qırağındakı evin darvazası açılır, bayıra çıxan kəs kəndlə üzbəüz, yolun o tayındakı məzarlığı nişan verir.

"Qabağa gedin, sonra döngədən geri qayıdın, sağda alaqapı var, ordan 200 metr içəri..."

Qəbiristanlığın qapısının cəftəsini açıb içəri giririk.

Avqust günəşi torpağı qovurub, bircə göy ot olmayan ətrafda gül gəzirəm. Həmən də özüm-özümə deyirəm ki, bu vaxt burda gül olar? Əvəzində girəcəkdəki bulağı görüb sevinirəm.

Qəbiristanlığın böyüklüyünə nəzər salıb dillənirəm: “Bəlkə buranı, məzarı tanıyan dostlara, bölgə müxbirimizə zəng edim?”

"Gəl, lazım deyil, tapacağıq",, - deyir Rizvan.

Hərəmiz məzarlığın bir səmtinə yön alırıq, heç iki dəqiqə çəkmir, "tapdım", deyib irəli atılır.

Qara mərmərdən boylanır, gülümsər, dəyişməyən ifadəsi. Ürəyimdə belə gec gəldiyimizə görə üzrxahlıq edirəm. Sanki özünəməxsus ədayla "Mən Kamilovam", "Mən qəzetlər padşahıyam" deyir.

Mənsə həmişəki kimi onun öz tərziylə təsdiqləyirəm: "Elədir, atam-atam"...

Ucadan isə sual verirəm: Burda nə işin var?

Sükut çökür.

Cavabı sinə daşından oxuyuram:

Mən bir gün üfüq olmuşdum,

duman çökdü dənizə...

Görünmədim...

Mən bir gün təbəssüm olmuşdum,

nə oldu bilmədim.

Görünmədim...

Gözümün önündə uzaq keçmiş canlanır. İlk iş yerim "Rezonans" qəzetində məqaləmin dərcinə vəsilə olmağı, həmin redaksiyada ilk qarşılaşmağımız, əvəzolunmaz yazıları, zarafatları, ayağı kəsiləndən sonrakı ziyarətimiz, xəstəxana çarpayısındakı çarəsiz baxışları, ikinci ayağını da itirəndən sonra əlil arabasındakı halı.

Xatirimdə qalan bütün halları film kimi keçir bir anda gözümün önündən, amma ustad Səbuhi Məmmədlinin başdaşındakı fotosundakı kimi çoxmənalı təbəssümü hamısının fövqündən boylanır - bütün suallara cavab verən, ənənəvi təbəssüm.

Bulaqdan gətirdiyim suyu tökürəm, xətrini əziz tutan köhnə tanışı əlindəki dəsmalla daşları yuyur. Qalan suyu dibçəkdəki dekorativ güllərə çiləyirəm. Su Səbuhiyə də çatır, güllərinə də.

Sağollaşıb geri dönürük.

Arxadan səsi gəlir sanki, sinə daşındakı şeirin orda yazılmayan misrası səslənir qulağımda:

Mən bir gün cığır olmuşdum...

Bu dəfə etiraz edirəm, misranı tamamlamağa qoymuram: “Olmuşdum yox, cığırsan, heç vaxt ot basmayacaq, görünəcək cığır”...

Məzarlıqdan çıxa-çıxa deyirəm ki, 2 ay sonra – oktyabrda 55 yaşı tamam olacaq və sinə daşına yazılan sözləri, Vaqif Səmədoğlunun misralarını təkrarlayıram:

Mən bir gün təbəssüm olmuşdum,
Nə oldu, bilmədim...
Görünmədim...

Bayaqdan susan Rizvan dillənir: “Hə, yaxşı seçiblər - Mən bir gün təbəssüm olmuşdum... Səbuhini tanıdığım ilk andan etibarən mənə elə gəlirdi ki, o, başqasının həyatını yaşayır, bir roldadır. Həmişə düşünürdüm ki, bu qədər nikbinliklə və hər günü ömrün son günü kimi yaşamaq, hansısa bir illüziya, bir uydurma olmadan mümkün deyil. Amma sonda anladım ki, o, bütün illüziyalardan kənar, tam dolğun və öz yolu ilə irəliləyirmiş.

Əminəm ki, nə Allaha, nə duanın, nə də mantranın gücünə inanırdı. Daha çox yumorun gücünə və ətrafındakı insanların ona olan səmimiyyətinə güvənirdi. Bəzən mənə elə gəlirdi ki, ömrünə "dırnaqarası" baxan Səbuhi bizi ələ salır, bizimlə oynayır. Amma ayağının biri amputasiya olunanda, xəstəxanada belə gülüşü və məzəli söhbətləri ilə kəsilmiş ayağını nəzakətlə bizdən gizlətdiyini hiss etdim. Hətta elə bil bir az utandı da... Başdaşında olan təbəssüm isə sanki qəbrini belə bizdən gizlətmək üçün idi. Əsl illüziya məhz bu imiş...”

 

27 avqust 2025

Məhbubə Qasımbəyli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar