Adətən otellər sadəcə istirahət və yuxu üçün nəzərdə tutulur. Lakin bəzi yerlərdə məhz otelin özü əsas macəraya çevrilir.
Lent.az xarici mediaya istinadla dünyanın elə qeyri-adi otellərinin siyahısını təqdim edir.
Qayalıqda yerləşən otel – Peru
Skylodge Adventure Suites And dağlarındakı Urubamba vadisinin 400 metr hündürlüyündə yerləşən şəffaf kapsul-otellərdir.
Bu oteldə qalmaq üçün qonaqlar xüsusi alpinist avadanlığı ilə qayaya qalxmalıdırlar. Nəticədə həm yuxarı qalxmaq, həm də gecəni ulduzların altında, şüşə kapsulda keçirmək unudulmaz təcrübə yaradır.
Su üzərində otel – İsveç
Salt & Sill Kladesholmen adasının sahilində lövbər salmış üzən oteldir. Nömrələr dənizin sakit dalğalarında yüngülcə yellənir, yaxınlıqdakı restoran isə yerli dəniz məhsullarından hazırlanan yeməkləri ilə tanınır.
Səhrada yerləşən ekootel – İordaniya
Feynan Ecolodge Vadi-Araba düzənliyi ilə Dana biosfer qoruğu arasında yerləşən bu otel ərəb qalalarını xatırladır. Gün ərzində qonaqlar qədim mis mədənlərini gəzə, gecələr isə səhranın parlaq ulduz səmasını izləyə bilirlər.
Dağın zirvəsində otel – İtaliya
Vigilius Mountain Resort Dolomit dağlarının 1500 metr hündürlüyündə yerləşir. Ora yalnız kanat yolu ilə qalxmaq mümkündür. Oteldən möhtəşəm dağ mənzərələri açılır. Qonaqlar üçün yoga dərsləri, oxatma, spa və qış idmanı kimi fəaliyyətlər də mövcuddur.
Yanğın müşahidə qülləsində otel – ABŞ, Vayominq
Bir vaxtlar meşə yanğınlarını müşahidə etmək üçün istifadə edilən Spruce Mountain Fire Lookout indi məşhur otelə çevrilib. Meşələr üzərində yerləşən bu qüllə-otel panoram mənzərələri ilə seçilir və aylar öncədən tam bron olunur.
Daş mədənində otel – Uels
Deep Sleep dünyanın ən dərin yeraltı otelidir. 2024-cü ildə köhnə şist mədənində açılıb. 400 metr dərinlikdə yerləşən bu oteldə qonaqlar sakitlik, sərin hava və tam fərqli atmosferlə qarşılaşırlar.
Dağ sığınacağı – Şotlandiya
Ruighe Ealasaid (Qırmızı Ev) Kernsqorms bölgəsində yerləşən uzaq dağlıq sığınacaqdır. Ora çatmaq üçün ən yaxın yaşayış məntəqəsindən 4 saatlıq yürüş lazımdır. Elektrik və xidmətçilər yoxdur, amma uzun yürüşdən sonra bu sadə dağ evi sanki beşulduzlu otel kimi görünür.
İspaniyada toxunulmamış adada düşərgə
Islas Cíes arxipelaqında yerləşən milli parkda yalnız yay mövsümündə fəaliyyət göstərən çimərlik və düşərgə var. Burada turistlər mavi sulara dalmaq, qayalı sahillər və şam meşələri arasında gəzintilər etmək imkanı əldə edirlər.