Şəkildən göz vuran Səbuhi Məmmədli... Ən yuxarıda dayanıb
09 sentyabr 2024 11:19 (UTC +04:00)

Şəkildən göz vuran Səbuhi Məmmədli... Ən yuxarıda dayanıb

“Sabahın xeyir Saboş, nə gülürsən bu gün vaxtında gəlmişəm. Geciksəydim, indi məni şantaj edəcəkdin. Ən azı bir piletka tünd qara şokolad aldırmasaydın, əl çəkən deyildin. Özü də biz tıxacla gəlirik ey, amma sən...”

Həəə, sən cavab verə bilmirsən. Şəkilinlə danışıram. Lent.az-da səhər növbəsində əsasən otağa ən birinci mən daxil oluram. O zaman da Səbuhi Məmmədli üzündəki ironiyalımı, ya adını qoya bilmədiyim bir təbəssümləmi məni qarşılayır. Hər gün tezdən salamlaşırıq. Daha doğrusu mən danışıb zəhləsini aparıram. O da dayanmadan gülür mənə. Təkcə cavab verə bilmir. Amma fotosu ilə belə həmin zaman nə demək istədiyini hiss etdirə bilir, lazımı informasiyanı ötürür.

Ona görə də mən demirəm ki, sən yoxsan. Belə yoxluq olmur axı. Sabahları bığaltı gülümsünürsən, rəis eşitməsin tıxaca düşüb gec qalanda, hətta kirimişcə göz vurursan. Yerimə oturub uşaqlar üçün mövzu düşünəndə gözümü sənə zilləyirəm, qulağıma nələrsə pıçıldayırsan... Arada sənə hirslənirəm: “Onu kimə yazdırım? Bunun üçün özün olmalıydın. Özünü də sən məhv elədin. Amma bir türlü gedə bilmədin aramızdan. Redaksiyanın ən baş köşəsində oturub yuxarıdan hər şeyə diqqət edirsən. Bircə durub siqaretə çıxmırsan. Ya da uşaqları siqaret üçün “Bravo”ya göndərmirsən. Amma yorulmadan üzündəki o qəribə təbəssümlə gözünü üstümüzdən çəkmirsən.

Əziz oxucu, dəli filan olmamışam, başım havalanmayıb. Ağıl sağlığım yerindədir. Bununla bağlı həkim raportum da var. Sadəcə, Səbuhi Məmmədlinin yoxluğunu bilərəkdən qəbul etmək istəmirəm. O insanın fotosu belə, sənə çox şey deməyi, verməyi bacarır. Və adam hər gün özünü nə iləsə yadımıza salır. O gün olmaz ki, Lent.az-ın redaksiyasında onun adı bu və ya digər formada çəkilməsin. Hər gün kimin yadına nə düşürsə onu danışır:

  • Hafiz, bir xəbər öyrənmişəm, möhtəşəm. Yazsam partlayış effekti verəcək.
  • Yaz da bəs Səbuhi, nəyi gözləyirsən?
  • Nə boyun olursan? Elə-belə şeylə başımı qatma ha...

Demək o önəmli xəbəri yazıb sayta verənə kimi eqosu zirvələrdən düşmürdü. “Bax bu sayt mənim zərif çiyinlərim üzərində dayanır” deyərək lovğalanırdı. Baş redaktordan ayrı, dostu Azər Hüseynbaladan da ayrıca hədiyə “qopararaq” xəbəri axır ki, sayta yerləşdirirdi. Xəbərə baxıb deyirdin ki, vallah eşq olsun, bütün bu şıltaqlıqları çəkməyə dəyərmiş. O informasiyanın fonunda bütün xəbərlər kölgədə qalırdı. Adam qələmi ilə ölkənin gündəmini dəyişə bilirdi.

Bir dəfə ad günü idi. Yenə səhər tezdən hamıdan əvvəl gəlmişdim. Facebook-u açdım ki, bunun ad günü imiş. İndi sizə təqdim etdiyim bu fotonu paylaşıb, bir az da tərifləyib Saboşu təbrik etdim.

Soldan arxada Cavid İsmayıl, Rəşad Sarıyıev, Fəxriyə Mahmudova, qırmızı köynəkli Səbuhi Məmmədli, öndə soldan ilk mən - Səbinə Əvəzqızı və Qabil Abbasoğlu. 

Birazdan yırğalana-yırğalan redaksiyadan içəri girdi. Onsuz da həmişə dağınıq olan saçlarını dağıdırdı. Birdən uşaqlar dedilər ki, müəllim, sizi təbrik edirik. Bic-bic güldü. “Səhər tezdən haradan bildiniz” deyib şübhəli-şübhəli hamının üzünə baxır. Gənc müxbirlər “Səbinə xanım barənizdə paylaşım edib” söylədirlər. “O, məndən yaxşı şey yazmaz, qoy baxım görüm nə deyib?” söyləyərək kompüterin açılması üçün parol yazır guya, həyəcandan hər dəfə səhv olur. Axırda səbirsizləşib gəldi yanıma: “Aç baxım görüm, nə yazıbsan yenə?”. Yazılanlara etiraz etmədi, hətta bir az forslandı da, amma zəhləmi tökdü ki, şəkli dəyiş: “Səbiş, sən ağıllı qızsan axı, nə olar o fotonu dəyiş. İstəyirsən mən özüm sənə göndərim”. Başımı qata bilmədi “o tərəfə dur sabah-sabah işim çoxdur” deyib onu yanımdan göndərməklə məşğulam. Bu zaman o vaxtkı baş redaktorumuz Qabil Abbasoğlu dedi ki, qoy baxım görüm nə şəkildir ki, sən bəyənmirsən? Sonra möhkəm güldü: “Səbuhi, havayı çənəni yorma. Səbinə özü orda yaxşı düşüb, səni neynəyir ey, nə olsun doğum günündür”. Əlacsız qalan Səbuhi mənə tərs-tərs baxıb getdi. Həmin gün acıqla hər dəfə çay içəndə bütün konfet, şokoladları məndən alırdı. Məni çoxdan tanıyırdı deyə, inadıma bələd idi. Bildi ki, dəyişməyəcəyəm fotonu.

Hə biz onunla çoxdanın dostu idik. Lap 90-cı illərdən. Həmin illərdi, yenə bir redaksiyada çalışırıq. Yay aylarında baş redaktor dar bir qrupda dedi ki, Səbuhi sən get Biləsuvardan yaxşı bir material hazırla: “X-ə (ad çəkmirəm) də denən ki, Balakənə getsin. O yaşıllıqlardan, gözəlliklərdən qəşəng fotolar çəksin. Reportaja rəng qatsın”. Səbuhi də “yaxşı” deyib tez razılaşdı. Nəsə heç inanmağım gəlmirdi ki, dostum səfalı Balakəni qoyub, yayın cırhacırında Biləsuvara gedə. Demək bu gedib X-ə deyib ki, səni Biləsuvara göndərirlər oranı tanıyırsan? Bu da deyib, yox heç getməmişəm. Səbuhi qayıdıb ki, bəs çox şey itiribsən: “Ay qardaş, ora cənnətdir. Bu istidə nə var Bakıda? Çıx get həm bir az sərinlə, həm də orda gözəlliklərdən yazı hazırla, arada camaatın da dərdini dinlə”. Bu yazıq da nə bilsin ki, Biləsuvar Muğan düzünün cənub hissəsini tutur, rayonun müəyyən hissəsi şorakət torpaqlardır, iqlimi isti və qurudur. Hər nə isə, bizim X taksiyə oturub, sürücüyə deyir sür Biləsuvara. Sürücü “çatdıq” deyəndə bu diksinir. “Qardaş sən deyəsən, məni səhv gətiribsən, axı bura səfalı, sərin olmalıydı” deyəndə, sürücü mat-mat baxır... Səbuhi də Balakəndə kef edir.

Onun macəralarının hamısını yazası olsaq cild-cild kitab gərək olacaq. Allah ömür verdikcə, biz dostları yavaş-yavaş yazarıq.

Baş köşədən yenə mənə baxır: “Hamısını yazma, sənin kimi dostdansa...”

Ömür boyu işə gecikirdi, indi nə qədər tez gəlirəm, Səbuhi Məmmədli otaqda məni  qarşılayır. “Salam Saboş, bu gün necəsən?”...

Yaşasaydı sentyabrın 11-də 54 yaşı olacaqdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14061
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar