Cənubi Koreyadan olan 60 yaşlı Mun Çju Hvan bütün orqan və toxumalarını ehtiyacı olan insanlara vəsiyyət edib, onlarla insana yaşamaq şansı verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 2025-ci il avqustun 9-da kişi dostu ilə söhbət zamanı qəfildən huşunu itirib və Çxonmun Universitetinin xəstəxanasına çatdırılıb, burada həkimlər beyin ölümünü qeydə alıblar. Sağlığında o, donor kartı daşıyıb və öncədən oğlu ilə birlikdə milli orqan donorları reyestrində qeydiyyatdan keçib. Diaqnoz təsdiqləndikdən sonra onun bütün orqan, eləcə də toxumaları Milli Orqan, Toxuma və Qan İdarəetmə İnstitutuna təhvil verilib.
Mütəxəssislərin sözlərinə görə, toxumaları orqanlardan fərqli olaraq beş ilədək saxlamaq və bir çox xəstədə orqanizmin funksiyalarını bərpa etmək üçün istifadə etmək mümkündür. Bu səbəbdən Munun donorluğu müalicəyə ehtiyacı olan təxminən yüz nəfərə kömək edib.
Koreya Orqan Donorluğu Agentliyinin (KODA) rəhbəri Li Sam Yol mərhumun ailəsinə təşəkkür edib və Mun Çju Hvanın addımının əsl özünü fəda etmə nümunəsi olduğunu bildirib. O, bir insanın qərarının həqiqətən onlarla digərinin həyatını xilas edib dəyişdirə biləcəyini vurğulayıb.