“AzTV”ni belə gözdən salmaq  yaxşı davranış sayıla bilməz”
05 noyabr 2025 23:23 (UTC +04:00)

“AzTV”ni belə gözdən salmaq yaxşı davranış sayıla bilməz”

1

Hesablama Palatasının Azərbaycan Dövlət Televiziyasında apardığı yoxlamanın nəticəsi ictimai rəyə elan olunmalı idi, olundu. Çünki qurumun vəzifəsi  bütün qurumlarda maliyyə vəsaitlərinin necə xərcləməsi ilə bağlı yoxlama aparmaq və nəticəni açıqlamaqdan ibarətdir.

Nöqsanlar, adətən, hər bir qurumun fəaliyyətində az və çox dərəcədə üzə çıxır və ictimai rəydən heç zaman gizli saxlanılmır. Əgər maliyyəyə dair hesabatlar əksərən hansısa qurumu ötəri diqqət mərkəzinə gətirməklə məhdudlaşırdısa, “AzTV” məsələsində belə olmadı. Fərqli müşahidələr ortaya çıxdı. Məsələ ondan ibarətdir ki, Hesablama Palatasının mövqeyinə sosial mediada müxtəlif rənglər qatıldı. O rənglər ki, qurum sanki “AzTV”də dəhşət doğuran bir maliyyə pozuntusunun üstünü aşkarlayıb, televiziya biabırçı bir qanunsuzluğun içərisindədir, əməkdaşların haqları pozulur, dövlət vəsaitləri yeyilir və s. Dərhal televiziyanın rəhbəri ön plana çıxarıldı, böyük pul vəsaiti tələb edən avadanlıqlar, vertolyot və.s kimi iddialı nələrsə almaq planları qurmasına dair qeyri-ciddi mənbələrdən versiyalar irəli sürüldü. Yaxın adamlarına pulların daha çox getməsi, tanış olmayanların haqlarının kəsilməsi kimi fikirlər tirajlandı və daha nələr. Bu iddiaların, xoşagəlməz ittihamların isə Hesablama Palatasının açıqladığı mövqe ilə heç bir əlaqəsi yoxdur. Palatanın mövqeyi ortadadır: ödəmə sistemi düzgün nizamlanmayıb. Bu nə deməkdir? Yəni, 26 milyonluq vəsait maaş yox, qonorar formasında əməkdaşlara ödənilib. Niyə maaş yox, qonorar formasında, bunun da izahı var.

Bəllidir ki, “AzTV” bu günə qədər məhz maaş və qonorar sistemi ilə işləyib. Eyni sistem çap mediasında və bir sıra  televiziyalarda da var. Ona görə belədir ki, bu sistem həm daha məhsuldar və daha peşəkar insanları fərqləndirməyə imkan verir, həm də əməkdaşlarda əlavə stimul yaradır. Söhbət tələbin icrasının önəmindən gedir, “AzTV” də açıqlamasında bildirdi ki, bu problem mərhələ ilə aradan  qaldırılır. Çünki maaş sisteminə tam keçid ƏDV-nin artması demək olur. Nəzərə alsaq ki, burada 2 minə yaxın əməkdaş çalışır, “AzTV”nin də büdcəsi 42 milyon AZN təşkil edir, deməli qurum illik 3 milyona yaxın əlavə vergi ödəməlidir. Bu isə bir TV üçün az məbləğ deyil. Yəni problem var, amma həlli yalnız “AzTV”dən gözləmək doğru deyil, məsələ kompleks həll olunmalıdır. Məlumatlar belədir ki, ötən ildən bəzi redaksiyalar maaş sisteminə keçib. Proses davam edir və gələn il məsələnin həll olunacağına böyük ümidlər bəslənilir.

Nəyə görə maaş, nəyə görə qonorar məsələsini müstəqil ekspertlər də, iqtisadçılar da, peşəkar media da  çox gözəl bilir. Bir sıra saytların bu məsələ ilə əlaqədar ictimai fikri əsası olmayan söhbətlərlə yükləməsi isə qeyri-ciddi səslənir. Amma belə görünür ki, Hesablama Palatasının açıqlamasını fürsət bilənlər “AzTV”yə qarşı bir kampaniyanın genişlənməsində maraqlıdırlar. Dövlət televiziyası ilə hansısa qərəzi, qisasçıl mövqeyi, unutmadığı incikliyi olanlar da bu dalğaya qoşulur və məsələni daha da böyütməyə çalışırlar.

Hər zaman dövlət maraqlarını qoruyan, ölkənin informasiya siyasətini uğurla həyata keçirən “AzTV”ni belə xoşagəlməz ittihamlarla gözdən salmaq yaxşı davranış sayıla bilməz. Dövlət televiziyasında verilişlərin səviyyəsi, milli dəyərlərin gözlənilməsi, xəbərdəki peşəkarlıq, Azərbaycan dilinin qorunması və s. parametrlər onun imicini hər zaman yüksəldir və nümunəvi edir.

Elman Babayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 369

Oxşar yazılar