Naxçıvanda mühüm arxeoloji tapıntılar aşkarlanıb
14 sentyabr 2011 14:58 (UTC +04:00)

Naxçıvanda mühüm arxeoloji tapıntılar aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Oğlanqala, Ovçular təpəsi və Duzdağda aparılan beynəlxalq ekspedisiyaların yekunlarına həsr olunmuş tədbir keçirilib. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası ərazisində son illərdə aparılan geniş miqyaslı tədqiqatlar haqda danışıb.

O, bu il bölgənin on qədim yaşayış yerlərində arxeoloji qazıntı işlərinin aparıldığını, tədqiqatlardan üçünün beynəlxalq səviyyəli ekspedisiya olduğunu bildirib. Muxtar respublikanın qədim yaşayış yerlərindən aşkar olunmuş maddi-mədəniyyət nümunələri haqqında məlumat verən Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent Katerina Marro burada Kür-Araz mədəniyyətinin erkən yaranmasının diqqəti cəlb etdiyini söyləyib. O, tapıntıların Cənubi Qafqaz, Şərqi Anadolu və Şimali Mesopotomiya arasında sıx mədəni əlaqələrin olduğunu isbatladığını qeyd edib.

Oğlanqala, Ovçular təpəsi və Duzdağda aparılan tədqiqatlar haqqında geniş söz açan ekspedisiyanın rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Ovçular təpəsindəki çoxotaqlı evlərin tikilişi, evlərin müəyyən qruplarla salınaraq həyətlərin ətrafında toplanması, onların yaxınlığında isə təsərrüfat anbarlarının olmasından söz açıb. Vəli Baxşəliyevin sözlərinə görə, mədəniyyətlərin xronologiyasını dəqiqləşdirmək üçün tapılan eksponatlar böyük əhəmiyyət kəsb edir. Tədqiqatlar zamanı Ovçular təpəsindən yabanı çöl donuzu, qırmızı maral, tülkü çənəsi və başqa heyvanların qalıqları aşkarlanıb. Duzdağda aparılan arxeoloji qazıntılara toxunan Vəli Baxşəliyev eradan əvvəl V minillikdən başlayaraq ərazidə duz çıxarıldığını, mədənçiliyin inkişaf etdirildiyi, Duzdağ mədəninin erkən Tunc dövründə xüsusilə geniş istifadə olunduğunu nəzərə çatdırıb.

Tədbirdə çıxış edən AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Nizami Alıyev aşkar olunmuş tapıntıların Naxçıvanın qədim tarixə malik olduğunu bir daha təsdiq etdiyini söyləyib.

Sonda tədqiqatlar zamanı qədim yaşayış yerlərində aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin video görüntüsü nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199

Oxşar yazılar