Sumqayıtda Əhli-Sünnə Camaatını şiə məscidini buraxmırlar
15 avqust 2009 11:00 (UTC +04:00)

Sumqayıtda Əhli-Sünnə Camaatını şiə məscidini buraxmırlar

Cümə məscidinə sünni imamının təyin edilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib

Sumqayıt şəhər Cümə məscidində Əhli-Sünnə camaatının ibadət etməsinə icazə verilmir. Bu səbəbdən dindarlar bir sıra səlahiyyətli orqanlara rəsmi şəkildə ərizə ilə müraciət ediblər.

Lent.az-ın məlumatına görə, bu müraciətlərdən biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib. Komitənin şöbə müdiri Gündüz İsmayılov müraciət edənlərə həmin məsciddə sünnilərin camaat namazlarının qılınması üçün sünni imamının lazım olduğunu bildirib. Bunun üçün komitə rəsmisi dindarların Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmələrini məsləhət görüb.

Bundan sonra Sumqayıtın Əhli-Sünnə camaatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinə rəsmi ərizə ilə müraciət ediblər. Müraciətdə bildirilib ki, Sumqayıt Cümə məscidində Əhli-Sünnə camaatının namaz qılmaları üçün məscidə sünni imamı lazımdır. Amma Qafqaz Müsəlmanları İdarəsindən hələ cavab verilməyib.

Sumqayıtdan olan dindar, Hacı Yavər Mirzəzadə bildirib ki, iyulun sonlarında Cümə məscidinin səlahiyyətli şəxsləri Əhli-Sünnə camaatının burada namaz qılmasına icazə verməyib. Belə ki, bu ibadət ocağının şiələrə məxsus olduğunu bəhanə gətirən məscid əhli işıqları söndürərək, qapıları bağlayıb.

“Onlar qapıları bağlayaraq, namaz qılmağa gələn Əhli-Sünnə camaatını içəri buraxmadılar. Həmin şəxslər və onların havadarları məscidin Şiə məscidi olduğunu və burada Əhli-Sünnə camaatının namaz qılmasına icazə verilməyəcəyini dedilər. Biz o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə nümayəndəsi Neyman Əhədovla görüşdük və o da Əhli-Sünnə camaatının məscidə buraxılmayacağını söylədi” - deyə, Hacı Yavər Mirzəzadə qeyd edib.

O, həmçinin bildirib ki, qarşıdan müqəddəs Ramazan ayı gəlir ki, bu ayda Əhli-Sünnə camaatı günün sonunda camaat şəklində Teravih namazları qılır. Amma belə bir məqamda məscid probleminin ortaya çıxması Əhli-Sünnə camaatının ciddi narahatlığına səbəb olub.

Qafqaz Müsəlmanları İdarəsindən isə Lent.az-a bildiriblər ki, bu problemi həll etmək üçün əvvəlcə müəyyən məsələlər dəqiqləşməli, mübahisənin nədən yarandığı öyrənilməlidir.

İdarədən onu da qeyd ediblər ki, dini icmaların çoxunun məscidi olmadığından bu cür problemlər ölkənin müxtəlif bölgələrində müşahidə olunur. Bu səbəbdən də bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə sünni və şiə təriqətlərindən olan dindarlara Cümə namazını bir yerdə qılmağı, eyni məsciddə ibadət etməyi tövsiyə edib.

Elxan SALAHOV
# 1653

Oxşar yazılar