17 ildə ilk dəfə...
14 avqust 2009 13:45 (UTC +04:00)

17 ildə ilk dəfə...

Bu il müxtəlif ali məktəblərdə tələbə qəbulu yeri 100 faiz dolub

2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulu prosesi artıq yekunlaşır. Bu mövsümü ərzində keçirilən imtahanlar 792 imtahan rəhbərinin, 7322 nəzarətçi müəllimin bilavasitə iştirakı ilə baş tutub.

Lent.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə imtahan prosesinə həsr olunmuş sonuncu mətbuat konfransında bildirib. Komissiya sədri bu il ali və orta ixtisas məktəblərinə keçirilən imtahan prosesinin nəticələrindən razı qaldığını söyləyib. Onun sözlərinə görə, son 17 ildə ilk dəfə olaraq, müxtəlif ali məktəblərdə tələbə qəbulu yeri 100 faiz dolub. Məleykə Abbaszadə belə ali məktəblərin arasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Tibb Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Slavyan Universitetinin adını çəkib.

Bununla belə, TQDK sədri bütün ixtisas qrupları üçün ayrılmış yerlərdən müəyyən qisminin boş qaldığını da qeyd edib. Məsələn, I ixtisas qrupu üzrə təkcə Memarlıq və İnşaat Universitetində 10 yer boş qalıb ki, bunların da hamısı memarlıq və dizayn ixtisaslarına aiddir. Bu qrupda Dövlət İqtisad Universitetinin də dizayn ixtisaslarında boş yerlər var. Məleykə Abbaszadə deyib ki, bu ixtisaslar xüsusi qabiliyyət tələb edən sahələr olduğundan oraya əlavə qəbul aparmaq mümkün deyil: “Çünki bunun üçün kontingent yoxdur. Yəni həmin ixtisaslar üzrə qabiliyyət imtahanı verən və müəyyən bal toplamış bütün abituriyentlər qəbul olunub”.

II qrupda isə boş qalan yerlərin əksəriyyəti özəl ali məktəblərə – Azərbaycan Universiteti, Qərb Universiteti, Qafqaz Universiteti və digərlərinə aiddir. Məleykə Abbaszadə deyib ki, həmin universitetlərə aid ixtisaslarda təxminən 10-15 yer boş qalıb.

III qrup ixtisaslarına gəlincə, burada da boş qalan yerlərin əksəriyyəti xüsusi qabiliyyət tələb edən sahələrdir. Bu qrupda boş qalmış yerlər əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Musiqi Akademiyasının payına düşür. Məleykə Abbaszadə bildirib da həmin qrupda Dövlət Dillər Universitetinin alman və fransız dilləri ixtisaslarında bir neçə yer boş qalıb.

Nəhayət, IV ixtisas qrupunda boş qalan yerlər idman və bədən tərbiyəsi ixtisaslarının payına düşür. Məleykə Abbaszadə bildirib ki, bütövlükdə bu il ali məktəblərə ayrılan 29030 plan yerinə 28498 nəfər qəbul olunub. Bu isə qəbul planının 98,17 faiz dolması deməkdir.

Elxan SALAHOV
# 578

Oxşar yazılar