Ağ ciyər xərçəngi törədən qazla bağlı tədqiqatların ikinci mərhələsi başladı
06 dekabr 2012 16:10 (UTC +04:00)

Ağ ciyər xərçəngi törədən qazla bağlı tədqiqatların ikinci mərhələsi başladı

Cənubi İsveçrə Tətbiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri Azərbaycan ərazisində radon qazının yayılması ilə əlaqədar layihənin ikinci mərhələsinə başlayıblar.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” adlı layihə çərçivəsində tədqiqatlar İsveçrə Elm Fondunun dəstəyi ilə aparılır, ölkədə radonun miqdarının anomal olduğu ərazilər təyin olunur.

Xatırladaq ki, Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi tərtib olunub. Xəritəyə görə ölkə ərazisində radon qazının paylanması nəticəsində ekoloji təmiz və texnogen pozulmuş ərazilər aşkar olunub. Layihədən məqsəd tikililərdə, xüsusən də yaşayış binalarında radonun ziyanını minimuma endirməkdir. Hazırda İsveçrədən radon qazını təyin edən “Radon Scout Plus” adlı elmi tədqiqat avadanlığı gətirilib. O, bir neçə saata radonun qatılığını təyin edə bilir. Evlərdə radon qazı aşkar olunarsa, ventilyasiya, hava çəkən boru və bu kimi digər təmizləmə qurğuları quraşdırılacaq. Geologiya İnstitutunun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Çingiz Əliyev bildirib ki, hazırda alimlər radon qazının mənbələrini təyin etməyə çalışırlar. Tədqiqatlar zamanı radonun qarşısını almaq üsulları təyin olunacaq.

Qeyd edək ki, Radon Yer kürəsində geniş yayılıb. O, əsasən yerin dərinliklərindəki tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq orada toplanır. Bu qaz normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar