Süd və pendir  bağırsağa necə təsir edir?
03 sentyabr 2025 18:13 (UTC +04:00)

Süd və pendir bağırsağa necə təsir edir?

0

Alimlər süd, pendir və yoqurtun bağırsaq mikrobiomuna təsirini araşdırıblar. Məlumdur ki, bağırsaqda həzmə kömək edən, immuniteti formalaşdıran və hətta əhval-ruhiyyəyə təsir edən bakteriyalar yaşayır. Bu mikrobiotu əsasən qəbul etdiyimiz qidalar formalaşdırır.

Lent.az süd məhsullarının bağırsaq biotasına necə təsir etdiyini izah edir:

Mikrobiom nədir?

Mikrobiom bədənin “canlı məhəlləsi” kimidir. Onu trilyonlarla mikroorqanizm əsasən bakteriyalar, həmçinin göbələklər və viruslar təşkil edir. Onlar əsasən yoğun bağırsaqda yaşayır, qidanın, xüsusilə də lifin parçalanmasına kömək edir və qısa zəncirli yağ turşuları məsələn, butirat istehsal edirlər.

Butirat yoğun bağırsaq hüceyrələrini qidalandırır və iltihabı azaldır. Bu mikroorqanizmlər həmçinin immun sistemini “təlim etdirir”, müəyyən vitaminlərin mənimsənilməsinə yardım edir və kimyəvi siqnallar vasitəsilə sinir sistemi ilə əlaqə saxlayır. Buna görə də tez-tez “bağırsağın altıncı hissi” ifadəsi işlədilir.

Mikrobiom hər bir insanda fərqlidir. Onun formalaşmasına doğulduqdan etibarən qidalanma, mühit, yuxu, stress, dərmanlar və antibiotiklər təsir göstərir. Daha çox müxtəliflik adətən yaxşı hesab olunur – çünki bu, bağırsaqdakı ekosistemi daha davamlı edir.

Araşdırma necə aparılıb?

Alimlər müxtəlif süd məhsullarının bağırsaq mikrobiomuna təsirini öyrənmək üçün yoğun bağırsağın selikli qişasından nümunələr götürüblər. İştirakçılar Hyustondakı Veteranlar Xəstəxanasında planlı kolonoskopiya keçən böyüklər olub. Onların heç birində nəticələri təhrif edə biləcək ciddi xəstəlik olmayıb. Prosedura zamanı həkimlər kiçik bioptatlar götürüblər. Ümumilikdə 34 nəfərdən 97 bioptat analiz edilib. İştirakçılar həmçinin qidalanma vərdişləri haqqında anket doldurublar süd, pendir, yoqurt və ümumi süd məhsulları istifadəsi nəzərə alınıb.

Əsas iki göstərici qiymətləndirilib:

alfa-müxtəliflik - bir nümunədə neçə növ bakteriya olduğu;

beta-müxtəliflik - iki insandakı bakterial icmaların bir-birindən nə dərəcədə fərqli olması.

Analiz yaş, bədən kütlə indeksi, siqaret, spirt qəbulu, sağlamlıq durumu, ümumi qidalanma keyfiyyəti və bağırsaqdan götürülən hissə nəzərə alınaraq aparılıb.

Alimlər nə aşkar ediblər?

Daha çox süd və ümumilikdə süd məhsulları istehlak edən insanların bağırsaq seliyinə yapışan bakteriyaların alfa-müxtəlifliyi yüksək olub. Beta-müxtəliflik də süd, pendir və yoqurt istifadəsindən asılı olaraq dəyişib. Yəni qida vərdişləri bakterial icmanın strukturuna təsir edib.

Xüsusi fərqlənən bakteriyalar:

Faecalibacterium butirat istehsal edir, bağırsaq hüceyrələrini qidalandırır və iltihabı azaldır. Süd və süd məhsulları çox istifadə edənlərdə daha çox aşkarlanıb. Akkermansia bağırsaq baryerinin sağlamlığı və metabolizmanın yaxşı göstəriciləri ilə əlaqələndirilir. Onların miqdarı da süd içənlərdə çox olub. Lakin laktazanın miqdarı nəzərə alındıqda, süd və bakteriyalar arasındakı əlaqə zəifləyib. Bu isə laktazanın müəyyən bakteriyalar üçün qida prеbiotik rolunu oynaya biləcəyini göstərir. Pendir südün təsirini təkrarlamayıb: çox istifadəsi bəzi bakteriyaların – o cümlədən Bacteroides və Subdoligranulum azalması ilə əlaqələndirilib. Yoqurt üzrə isə nəticə çıxarmaq mümkün olmayıb, çünki iştirakçılar onu çox az (gündə cəmi bir neçə qurtum) qəbul ediblər. Ona görə də Lactobacillus və Bifidobacterium kimi klassik yoqurt bakteriyaları selikdə çox az tapılıb.

Müxtəlif süd məhsulları bağırsaq divarındakı mikroblara fərqli təsir göstərir. Əgər südü yaxşı qəbul edirsinizsə, süd içmək bağırsaqdakı bakteriya müxtəlifliyini artıra bilər. Əgər əsas süd məhsulunuz pendirdirsə, nəticələr onun növündən, ümumi qidalanmadan (xüsusilə lifdən) və fərdi mikrobiom xüsusiyyətlərinizdən asılı ola bilər. Laktazanı pis qəbul edənlər isə faydalı bakteriyaları paxlalılar, yulaf, banan, soğan və ya qulançar kimi prebiotik liflərlə qidalandıra bilərlər. Alimlər qeyd edirlər ki, bu mexanizmləri daha yaxşı anlamaq üçün geniş və uzunmüddətli araşdırmalara ehtiyac var. Hazırkı nəticələr göstərir ki, südə tökdüyünüz hər qurtum və boşqaba qoyduğunuz hər tikə bağırsağınızda ölçülə bilən dəyişiklik yaradır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar