“Aprelin 4-də rəhbərlikdən narazı olan aktyorlarla bağlı iclas çağırılmışdı, lakin narazı aktyorlar iclasa gəlmədilər”.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bildirilib.
Qeyd edilib ki, iclasda teatrın aktyorlarından ibarət Bədii Şura üzvləri iştirak edib: “Aktyorlar arasında olan qeyd olunan fakt iclasdan kənar məsələ - tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb”.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Akademik Milli Dram Teatrının Bədii Şurasının iclasında Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Bu zaman mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nura hücum edərək ona yumruq atıblar. Bundan sonra Xalq artisti prokurorluğa müraciət edib.
APA-ya açıqlamasında məsələ ilə bağlı şərh vermək imtina edən Əli Nur teatrın bədii rəhbəri və direktoru ilə danışmağı tövsiyə edib.
APA isə öyrənib ki, insident barədə hüquq-mühafizə orqanlarına hələlik müraciət daxil olmayıb.