Çində bir qız sevgilisinin ona saxlaması üçün verdiyi 140 min dollardan çox pulu tamamilə plastik əməliyyatlara xərcləyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Min soyadlı çinli qadın kosmetoloji klinikada Li adlı qadınla tanış olub. Li özünü biznes ledi kimi təqdim edib və qısa zamanda Minin ən yaxın dostuna çevrilib. Daha sonra o, Mini bir sıra bahalı prosedurlardan keçməyə inandırıb.
“Deyirdi ki, qadının varlı görünməsi üçün dodaqları dolğun olmalıdır, boyundakı qırışlar isə yaşlı göstərir və kişilərin xoşuna gəlməyə bilər”, – deyə Min bildirib.
Dostunun təsiri ilə qadın əvvəlcə liposaksiya etdirib, daha sonra isə bir neçə prosedurdan daha keçib və təxminən 140 min dollar xərcləyib. Bu vəsait sevgilisinin ona saxlaması üçün verdiyi pul idi. Kişi sevgilisindən pulları istəyəndə və hesabda vəsaitin olmadığını görəndə həqiqət üzə çıxıb.
Min xərclərini yalnız Linin təsiri ilə deyil, həm də partnyorunun sözləri ilə izah edib:
“O, daim digər qadınların gözəlliyindən danışırdı, bu isə məndə özümə inamsızlıq yaradırdı”, – deyə qadın əlavə edib.