Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses dövlət ittihamçısının ittiham aktını elan etməsi ilə başlayıb.
Hafiz Həsənov ona qarşı irəli sürülən itihamlarla razılaşmadığını deyib. Daha sonra o, vəsatət verərək, keçirdiyi açıq ürək əməliyyatı səbəbindən, eləcə də yüksək qan təzyiqi olduğuna görə müalicə kursu keçdiyini bildirərək, ifadəsini növbəti məhkəmə prosesi zamanı verməsi ilə bağlı məhkəmədən xahiş edib. Bundan sonra növbəti prosesin 3 dekabr saat 09:30 -a təyin edilməsi elan olunub.
Xatırladaq ki, Baş Prokurorluğun İstintaq İdarəsində bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində yerli və xarici QHT-lərin fəaliyyəti araşdırılır.
Hafiz Həsənov bu iş üzrə 2024-cü il martın 14-də “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay ilə birlikdə saxlanılıb.
Məhkəmə qərarı ilə Süleymanlı və Alpay barəsində həbs qətimkan tədbiri seçilib, Həsənov isə ev dustaqlığında saxlanılırdı.
Fərqanə Novruzova