Türkiyədə 40 yaşlı Hakan Aysal hamilə həyat yoldaşı Səmra Aysalı dəhşətli şəkildə qətlə yetirib. Kişi Muğla vilayətinin Kəpənəklər Vadisində 32 yaşlı arvadı ilə bir neçə foto çəkdikdən sonra onu 300 metrlik qayadan aşağı itələyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Səmra hamiləliyin yeddinci ayında imiş. Lakin Aysal böyük sığorta ödənişi almaq məqsədi ilə hərəkət edərək, soyuqqanlı şəkildə həm həyat yoldaşını, həm də doğulmamış körpəsini öldürüb. Məhkəmə müəyyən edib ki, kişi cinayəti əvvəlcədən planlaşdırıb: əvvəlcə arvadının adına həyat sığortası rəsmiləşdirib, sonra isə onu birlikdə selfi çəkmək bəhanəsi ilə təhlükəli qayalığa qalxmağa razı salıb.
Cütlük zirvədə təxminən üç saat qalıb və yaxınlıqda heç kimin olmadığı anı gözləyib. Daha sonra Aysal arvadını uçuruma itələyib. Məhkəmədə hadisədən qısa müddət əvvəl təsadüfi turist tərəfindən çəkilmiş foto-videolar təqdim olunub və cütlüyün qayalıqda olduğunu təsdiqləyib.
Hadisə yerindən keçən sürücü Sait Ertürk bildirib ki, guya kömək istəmək üçün ona yaxınlaşan Aysal “tamamilə sakit” görünüb və həyat yoldaşının axtarışına heç bir şəkildə qatılmayıb.
Qadının ölümündən sonra Aysal 40 min funt sterlinq məbləğində sığorta ödənişi almağa cəhd edib, lakin polis hadisənin qəsdən törədildiyini ehtimal edərək araşdırmaya başlayıb. Bank məlumatlarının yoxlanılması nəticəsində məlum olub ki, kişi arvadının adına bir neçə kredit rəsmiləşdirib və onun ölümündən qısa müddət sonra bahalı səyahətlərə, eləcə də elit otellərdə istirahətə böyük məbləğlər xərcləməyə başlayıb.
Fəthiyə Ali Cinayət Məhkəməsi Hakan Aysalı 30 ildən tez olmayan şərti azadlığa buraxılma hüququ ilə ömürlük həbs cəzasına məhkum edib. Hakimlər onun hərəkətlərini “son dərəcə qəddarlıq və əvvəlcədən planlaşdırılmış” adlandırıblar.
