İçməli su qan təzyiqini   aşağı sala bilər? - Kardioloqların CAVABI
05 noyabr 2025 17:52 (UTC +04:00)

İçməli su qan təzyiqini aşağı sala bilər? - Kardioloqların CAVABI

0

Su insan orqanizmi üçün həyati əhəmiyyət daşıyır. O, bədənin temperaturuna nəzarət edir, hüceyrələrə oksigen və qidaları çatdırır, oynaq­ları yağlayır və zərərli maddələrin xaric olunmasına kömək edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər bildirirlər ki, su içmək ürək-damar sisteminə birbaşa təsir edir və qan təzyiqinin tənzimlənməsinə yardımçı olur.

Kardioloqlar qeyd edirlər ki, düzgün hidratasiya, yəni orqanizmin kifayət qədər su ilə təmin olunması qan təzyiqinin sabit qalmasına təsir göstərir. Maraqlıdır ki, yalnız su deyil, digər içkilər də təzyiqə bu cür müsbət təsir göstərə bilər.

Susuzlaşma təzyiqi necə dəyişir?

Susuzlaşma zamanı bədən qəbul etdiyindən daha çox maye itirir. Bu hal əvvəlcə qan həcminin azalmasına və nəticədə təzyiqin düşməsinə səbəb ola bilər.

Kardioloq İan del Konde Potssi izah edir: “Orqanizmdə maye çatışmazlığı olduqda qan həcmi azalır və bu, ilk növbədə təzyiqin aşağı düşməsinə gətirib çıxarır”.

Lakin bədən bu vəziyyəti kompensasiya etməyə çalışaraq damarları daraldan hormonlar ifraz edir ki, bu da əksinə, təzyiqin yüksəlməsinə səbəb ola bilər. “Bu o deməkdir ki, susuzlaşma paradoksal şəkildə həm aşağı, həm də yüksək qan təzyiqinə gətirib çıxara bilər”, – həkim əlavə edib.

Araşdırmalar göstərir ki, az su içmək qan təzyiqinin tənzimlənməsində problemlər yarada bilər. Məsələn, 2022-ci ildə Cureus jurnalında dərc olunan araşdırmada hipertoniya (yüksək təzyiq) olan insanlarda bədəndə ümumi su payının daha az olduğu aşkar edilib.

Digər bir araşdırma (Frontiers in Public Health) göstərib ki, adi su istehlakı artdıqca hipertoniya riski azalır.

Gündə nə qədər su içmək lazımdır?

İnsanın gündə nə qədər suya ehtiyacı olduğu sağlamlıq vəziyyəti, fəaliyyət səviyyəsi və cinsdən asılıdır. ABŞ Milli Elmlər Akademiyasının tövsiyəsinə görə:

Kişilər üçün – gündə təxminən 3,7 litr

Qadınlar üçün – gündə təxminən 2,7 litr

Bu göstəriciyə yalnız su deyil, həm də qida və digər içkilərdə olan maye daxildir (meyvə, tərəvəz, şorba və s.).

Bununla belə, su tələbatı hər kəsdə fərqli ola bilər. İdman edənlər və isti iqlimdə yaşayanlar su qəbulunu artırmalıdır.

Həkimlərdən əlavə tövsiyələr

Gündə 10 000 addım atmaq şərt deyil, təxminən 7000 addım belə ürək-damar xəstəlikləri riskini 25 faiz azaldır. Hipertoniya zamanı duz, şəkər və zərərli yağlarla zəngin qidalardan uzaq durmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar