Aysel Teymurzadəyə Bakının mərkəzində ev verilib
25 may 2009 10:15 (UTC +04:00)

Aysel Teymurzadəyə Bakının mərkəzində ev verilib

“Fikirləşirdim ki, Araş mənə kömək edəcək, ancaq əksinə oldu”


Moskvada keçirilən “Eurovision-2009” yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadəyə şəhərin mərkəzində iki otaqlı mənzil hədiyyə olunub. Aysel Teymurzadənin APA-ya verdiyi açıqlamasına görə, bu müsabiqədə iştirakdan sonra onun həyatında və sənətində bir çox dəyişiklik olub: “Eurovision”dan iştirakım mənə çox uğur gətirdi. İlk öncə müsabiqədə güclü təmsilçilər arasında üçüncü yeri qazanmaq və bu uğurdan sonra Azərbaycanın dövlət rəhbərliyi tərəfindən bizə qarşı gözəl münasibət çox sevindiricidir. Yenidən bu hissləri yaşamaq istərdim. Gələn il keçiriləcək “Eurovision” müsabiqəsində özümü görürəm, belə olarsa, birinci yer 100 faiz mənim olacaq. Azərbaycan builki müsabiqədə MDB dövlətləri arasında birinci oldu. Biz bütün Avropaya Azərbaycan musiqisinin nə qədər yüksək səviyyədə olduğunu sübut edə bildik”.

A. Teymurzadə “Eurovision” səhnəsindəki çıxışını belə xatırlayıb: “Azərbaycanın bayraqlarını, azərbaycanlıları görəndə səhnədə daha ruhlanırdım. Səhnədə özümü çox gözəl hiss edirdim, sanki göylərdə uçurdum. “Eurovision”un təəssüratlarından hələ də oyanmamışam. Azərbaycanda hələ də toy-bayram davam edir. Küçəyə çıxa bilmirəm, hamı üstümə hücum edir. Hamının sevincini çox gözəl başa düşürəm və heç kimə də yox demirəm. Sözün açığı, həmin o vaxtlara qayıtmaq istəyirəm. Ömür boyu bu münasibətin davam etməsini istəyirəm. İnsanların sevgiləri və gözəl münasibətləri mənə güc verir. Çox sevinirəm ki, bu müsabiqədən alnıaçıq, üzüağ qayıtdım”.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr fakültəsində təhsil aldığını bildirən A. Teymurzadə hər iki sənəti sevdiyini dilə gətirib: “Müsabiqə ərəfəsində təhsil aldığım universitetə gələ bilmədim. Elə indi də universitetə gedə bilmirəm, ancaq sevimli universitetimə qayıdacağam. Təhsilimi dayandırmamışam, sadəcə müsabiqə ərəfəsində gələ bilmirdim. Musiqi və diplomat sənətini bərabər davam etdirəcəyəm, heç bir sənətimi atmayacağam. Həm müğənni, həm də diplomat kimi fəaliyyət göstərəcəyəm. Buna gücümün çatacağına inanıram. “Eurovision”da bir neçə ay gərgin rejimə dözdüm, məncə buna da gücüm çatar”.

“Eurovision-2009” müsabiqəsindəki duet ortağı Araşdan da söz açan Aysel Teymurzadə, hər ikisinin bir-birinə kömək etdiyini vurğulayıb: “Bu müddət ərzində Araş mənə kömək oldu. Sözün açığı düşünürdüm ki, Araş çoxdan bu sənətdədir, o məndən daha təcrübəlidir. Səhnədə həyəcandan əsəcəyəmi sanırdım, düşünürdüm ki, bu məqamda Araş mənə kömək edəcək. Ancaq düşündüyümün əksinə oldu. Səhnəyə çıxmamışdan əvvəl mən Araşa “həyəcanlanma, niyə həyəcanlanırsan, elə bil ki, artıq qələbə qazanmısan və çıxıb oxuyursan” deyərək təsəlli edib, ona güc verirdim. Özüm o qədər də həyəcanlı deyildim, xüsusi ilə də finalda heç bir həyəcan keçirmədim. Özüm də başa düşə bilmirdim ki, niyə həyəcanlı deyiləm. Yəqin ona görə ki, mən Azərbaycan xalqının çox böyük dəstəyini hiss edirdim. Sözsüz ki, bu müddət ərzində Araşdan professionallıq öyrəndim, onunla birgə işləyə-işləyə professional oldum. Bir insan kimi də Araş çox gözəl bir insandır, dost kimi də mənə hər şeydə kömək edirdi. Araşla hər zaman dost olacağımıza inanıram”.

“Eurovision-2009” müsabiqəsində ölkəmizi uğurla təmsil edən Aysel və Araşa artıq bir sıra təkliflər də var. A. Teymurzadənin sözlərinə görə, duet ortaqlarının yaxın vaxtlarda bir sıra ölkələrdə konsert proqramlarında çıxışı olacaq: “Müsabiqə bitən günün ertəsi artıq ardı-arası kəsilməyən təkliflər gəlməyə başladı. Hər gün bir ölkədən konsert təklifi alırıq. Qrafikimizi qurandan sonra hər yerə gedib, çıxış edəcəyik və Azərbaycanın adını qaldıracağıq. Öz üzərimdə işləyəcəyəm, daima yeni mahnılar yazdıracağam, kliplər çəkdirəcəyəm. Əsas məqsədim isə Azərbaycanı xaricdə təmsil etməkdir. İstəyirəm ki, hamı mənim Azərbaycan qızı olduğumu bilsin və Azərbaycanın adını yüksəklərə qaldırım”.

Aysel Teymurzadə onu da vurğulayıb ki, Türkiyənin meqa-starı Tarkandan ona birgə konsert təklifi gəlib: “Bu təklif mənim üçün çox dəyərlidir. Tarkanın konserti iyunun 7-də keçiriləcək və həmin müddətdə Araşla birgə Moskvada çıxış edəcəyik. Növbəti belə layihə təklif olunarsa, Tarkanla eyni səhnəni bölüşəcəyəm. Eyni zamanda Türkiyənin çox tanınmış müğənnisi Kənan Doğuludan da birgə albom çıxarmaq təklifi gəlib. Bu təklif barədə hələ düşünürəm. Mənə olunan hər bir təklifi yüksək dəyərləndirirəm, ancaq təklifin vaxt baxımından uyğun olması əsas şərtdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar