"Yardımın 6700 manatını mühasibə verdim" - Vilyam Hacıyevin MƏHKƏMƏSİ
16 may 2022 15:50 (UTC +04:00)

"Yardımın 6700 manatını mühasibə verdim" - Vilyam Hacıyevin MƏHKƏMƏSİ

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə bir şahid ifadə verib.

Prosesdə ifadə verən şahid Vüsal Niftəliyev bildirib ki, ona ödənilən 7 min manat yardımın 6700 manatını baş mühasibə verib:

"Maddi durumum ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət etdim. Mənə dedilər ki, sənə 7 min manat yardım ayrılıb. Pulu bankdan çıxaranda Cəmil Musayev küçədə gözləyirdi. Pulu çıxardım Cəmil 6 min 700 manatı aldı, 300 manat qaldı. Cəmil dedi ki, pulu icra başçısı istəyir”.

Vilyam Hacıyev isə ona ayrılmış yardımın yarıdan çoxunu Cəmil Musayevə verdiyi üçün şahidi qınayıb:

“Şahid və zərərçəkmişlərin heç biri icra başçısına rüşvət verməyib. Hamısı deyir Rəhim və Cəmilə verib. Amma bu məsələ araşdırılmayıb. Gəlin bu məsələləri araşdıraq, görək dövlətin ayırdığı vəsaiti kim mənimsəyib, niyə mənimsəyib? İş üzrə 4 zərərçəkmiş var. Onların nümayəndələri dindirilsin, sonra mən ifadə verəcəyəm". 

Məhkəmənin növbəti iclası mayın 20-ə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Fidan İlqar

Oxşar yazılar