Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı insident yaşanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsindən Lent.az-a verilən məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə qol damarlarını doğrayıb.
Məlumata əsasən, daha sonra onlar ülgücü boğazlarına dirəyərək dayanıblar. Hakim Səbuhi Hüseynov zaldan çıxıb və Penitensiar Xidmətin əməkdaşları təqsirləndirilən şəxsləri sakitləşdirməyi bacarıblar
Qeyd edək ki, sözügedən iş üzrə Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli ittiham olunur.
Onlar, Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirli bilinirlər.