CİNAYƏT İŞİ
Qısa arayış...
2016-cı iyulun 2-i Bakının Nəsimi rayonunda qətl hadisəsi olur. Saat 20 radələrində 22-ci Polis Bölməsinə gələn şəxs işlədiyi mağazada tanış qadına 2 bıçaq zərbəsi vurduğunu, sonra isə onu boğduğunu bildirib. Məlum olub ki, cinayətkar 1961-ci ildə Zəngilan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmayan Vidadi Qarayevdir.
Dərhal polis və prokurorluq əməkdaşları qeyd olunan ünvana yola düşüblər. Məlum olub ki, hadisə Füzuli küçəsi, 53 ünvanında, “Qış Parkı”nın yeraltı keçidində yerləşən mağazada baş verib. Buradan qadın meyiti aşkar edilib. Gəmin inzibati ərazi 21-ci Polis Bölməsinə aid olduğundan saxlanılan şəxs oranın
əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1994-cü il təvəllüdlü Gülpəri Aslanlının ölümünə arteriyanın zədələnməsindən törənən massiv qanitirmə səbəb olub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını təqdim edir:
İstintaqla müəyyən edilib ki, iyulun 2-i saat 18 radələrində Vidadi Qarayev işlədiyi nömrəsiz mağazada tanışı Gülpəri Aslanlı ilə cinsi əlaqədə olub. Bundan sonra, qadın bunun müqabilində ondan pul tələb edib. Lakin bu Vidadinin xoşuna gəlməyib və aralarında mübahisə yaranıb. Qadın onu söydüyü üçün Vidadi Qarayev əsəbiləşib və açılıb-qatlanan ov bıçağı ilə onun qarnına zərbələr vurub. Sonra Gülpəri Aslanlını yerə yıxaraq, əli ilə boğub. Nəticədə gənc qadın yerindəcə keçinib.
İş üzrə dindirilmiş Vidadi Qarayev bildirib ki, 2015-ci ilin dekabr ayında “Qış Parkı”nın yeraltı keçidində yerləşən mağazadan oyuncaq alarkən Gülpəri Aslanlı ilə tanış olub. Aralarında yaxın münasibət yarandığından, tez-tez onun iş yerinə gəlib-gedib:
“İşlədiyim mağazada qadınla bir neçə dəfə intim əlaqədə olmuuşq. Hər dəfə cinsi əlaqədə olduqdan sonra ona pul verirdim. 2016-cı ildə, iyun ayının ortalarında mobil telefonla danışanda Gülpəri məndən “pullu kişi” tapmağımı xahiş etdi. Təxminən 3-4 gün sonra qadının xarici markalı avtomobilə əyləşib, harasa getdiyini görəndə, onu qısqanclıq zəminində öldürmək istədim. Buna görə də onu işlədiyim mağazaya çağırdım. İyulun 2-i saat 16 radələrində yanıma gələndə, ondan nəyə görə bir neçə gün əvvəl tanımadığı avtomobilə əyləşməsini soruşdum. Gülpəri isə bunu inkar edərək, belə bir halın olmadığını dedi. Yalan danışmasından əsəbiləşərək, mağazada saxladığım bıçağı götürüb, qadına zərbələr endirdim.
Gülpəri qışqırdığından bıçağı yerə atdım və sağ əlimlə boğazını sıxdım. Hərəkətsiz vəziyyətdə qalan qadının nəfəs almadığını və öldüyünü gördüm. Meyiti sürüyüb kassanın arxasına qoydum ki, içəri girən olsa, onu görməsin. Sonra bıçağı və mərhumun telefonunu cibimə qoyub mağazanın qapısını bağladım və taksi ilə Bakıxanov qəsəbəsinə, kirayədə yaşadığım evə getdim. Qana bulaşmış şalvarımı və köynəyimi dəyişdim. Həmin paltarları məhəllədə, zibil qutusuna atdım. Arvadım Nazilə Qarayevaya zəng edib, harda olduğumu soruşdu və ona Sabunçu keçidinə gəlməsini dedim. Keçidə gəlmiş arvadıma, işlədiyim mağazada bir qızı öldürdüyümü bildirdim. Ordan başqa taksi ilə 22-ci Polis Bölməsinə gəldim və növbətçi hissədə olan əməkdaşlara “Günel” adlı xanımı qətlə yetirməyim haqda məlumat verdim”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Rasim Məhəmmədi ifadəsində göstərib ki, Tərtər şəhərində böyüyən qızı Gülpəri 2013-cü ildə İlqar Ələkbərovla ailə həyatı qurub, nikahdan bir övladları dünyaya gəlib:
“Bakıda, “Təzə bazar”ın yaxınlığında kirayədə yaşayırdılar. 2016-ci il iyulun 2-də zəng edən polis əməkdaşı Gülpərinin öldürüldüyünü dedi. Sonra bildim ki, qızımı
mağazada Vidadi Qarayev öldürüb. Gülpərinin həmin şəxslə tanış olub-olmaması haqda heç bir məlumatım olmayıb”.
Məhkəmə iclasında Vidadi Qarayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Vidadi Qarayevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və gəzdirmə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddəllərin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vidadi Qarayev 11 il müddətinə azadlıqdan məhrum olunub.
Hadisə olan mağaza