CİNAYƏT İŞİ
Qısa arayış...
2024-cü il mayın 5-də Bakıda qətl hadisəsi olur. 1996-cı il təvəllüdlü Nurəddin Məmmədov DİN 102 xidmətinə zəng edərək, evdə arvadını öldürməsi və yaşadığı ünvanda polis əməkdaşlarını gözləməsi barədə məlumat verib.
Polis və prokurorluq əməkdaşlarının baxışı zamanı məlum olur ki, hadisə Ramana qəsəbəsi, 9-cu mədən massivində yerləşən nömrəsiz fərdi evdə baş verib. Mətbəx otağında 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın meyiti aşkar edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, mayın 5-i saat 13:30-da Nurəddin Məmmədov yaşadığı evə gəldikdə arvadı Ayşən Məmmədovanın yataq otağında “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Sabirabad rayon sakini İbrahim Ağayevlə apardığı intim xarakterli yazışmaları görüb. Nurəddin aralarında yaranmış mübahisə zamanı mətbəx otağında hər iki əli ilə boğazından tutub, yerə yıxaraq, yoldaşını boğub. Nəticədə qadın ölüb.
İş üzrə dindirilmiş Nurəddin Məmmədov bildirib ki, 1996-cı ildə Tovuz rayonunda anadan olub. Əvvəllər məhkum olunmayıb. Ayşən Məmmədova ilə 2019-cu ildə Qovlar şəhərində tanış olaraq, qeyri-rəsmi yaşayıb:
“Bir ildən sonra rəsmi nikaha daxil olduq. 2020-ci il fevralın 2-də Bakı şəhərinə köçərək, Sabunçu qəsəbəsində kirayədə yaşayırdıq. 2 oğlan övladımız dünyaya gəldi. 2021-ci ilin yay aylarında ailə üzvlərimlə birlikdə Rusiyanın Perm şəhərinə getdim, orda fərdi qaydada ticarətlə məşğul olurdum. Noyabr ayında Bakıya qayıdaraq, ailəmlə Ramana qəsəbəsində kirayədə qalırdım. 2022-ci ilin fevral ayından tanınmış tikinti şirkətində usta köməkçisi işləyirdim. Ailə həyatı qurandan Ayşən heç yerdə işləmirdi, uşaqlara baxırdı.
2024-cü ilin yanvar ayında gecə saat 1 radələrində ayaqyoluna keçmək istəyərkən yoldaşımın kiminləsə yazışdığını gördüm. Gecə vaxtı kiminlə yazışdığını soruşanda, o, əvvəl heç kimlə, sonra qonşuda yaşayan Xəyalə adlı qadınla yazışdığını dedi. Dəfələrlə telefonu verməsini söyləsəm də, arvadım bundan imtina edərək, düyməni basıb telefonu söndürdü. Telefonu əlindən alıb yandıranda “Whatsapp” tətbiqinin silindiyini gördüm. Nə üçün belə etdiyini soruşanda Ayşən tətbiqi təsadüfən sildiyini bildirdi. Əsəbləşdiyim üçün telefonu sındırdım. Fevralın axırlarında telefon nömrəsini yenidən aktiv edib “Whatsapp” tətbiqini yüklədim. Ayşənin 16 kişi ilə yazışdığını aşkar etdim”.
Nurəddin yazışmalardan birində bir nəfərin arvadından pul vəsaiti tələb etdiyini, digərlərində sevgi məzmunlu yazışmalar olduğunu görüb. Rayondan qayıdan Ayşəndən bu barədə soruşduqda, o heç nədən xəbəri olmadığını, mesajların bacısı Aytənə məxsus olmasını deyib:
“Ayşənə inandım. Aprelin 15-də yoldaşıma yeni mobil telefon aldım. Bir neçə gündən sonra Ayşən “xahiş edirəm ayın 29-da rayona getmə” məzmunlu mesajı səhvən mənə göndərdi. Evdə bu barədə soruşanda, arvadım ismarıcı guya qardaşının nişanlısına yazdığını dedi. Telefonuna baxıb, zəng bölməsində yad nömrə aşkar etdim. Zəng edəndə, cavab verən şəxs özünü Elnur adlı şəxs kimi təqdim edib Kürdəmir rayonunda yaşadığını və təsadüfən Ayşənə zəng etdiyini söylədi. Bu dəfə də Ayşən onu bağışlamağımı xahiş etdi və bir daha belə bir halın təkrarlanmayacağını bildirdi. Mən də azyaşlı övladlarıma görə onu bağışladım. Lakin yoldaşımı daima nəzarətdə saxlayıb kimlərlə əlaqə saxladığını yoxlamağa başladım.
Ayşənin telefonun kontaktına qadın adı ilə qeyd etdiyi şəxsləri yoxlayıb əksəriyyətinin kişi olduqlarını aşkar etdim. Aprelin 29-da evdən təxminən 100 metr uzaqlaşandan sonra qulaqcığı götürmək üçün geri qayıtdım. Evin tinindən baxanda Ayşənin yataq otağında kiminləsə görüntülü danışdığını gördüm. Məni görən arvadım dərhal danışığı dayandırdı. Telefonu əlindən alaraq, həmin nömrəyə görüntülü zəng etdim. Cavab verən şəxs məni Ayşənin yanında görüb dərhal əlaqəni kəsdi. Masanın üzərində bıçağı götürsəm də, onu öldürə bilmədim, əsəbimdən bıçağın dəstəyi ilə başına bir dəfə zərbə vurdum”.
Bir müddət Nurəddin və Ayşənin arasında sözlü mübahisə oldu. Ayşənin anasına zəng edib, qızının yarı çılpaq vəziyyətdə kişilərlə danışarkən tutduğunu, ona görə də onu vurduğunu bildirib:
“Qayınanama Bakıya gəlib, övladını nəzarətdə saxlamasını xahiş etdim. Qadın da qızı ilə danışacağını və belə bir halın bir daha baş verməyəcəyini söylədi. Mayın 5-də Ayşənlə yazışa-yazışa günorta işdən çıxıb evə doğru gəlirdim, harda olduğumu soruşanda, ona yalandan işdə olmağımı bildirdim. Arxa tərəfdən həyətə daxil olaraq, qapının qarşısında dayandım və Ayşəni müşahidə etdim. Yoldaşım yataq otağında telefonla kiminləsə danışırdı. Qulaq asanda, onların nə vaxtsa görüşdüklərini, hazırda isə yenə görüşmək istədiklərini başa düşdüm. Otağa girib, dərhal telefonu əlindən aldım. “Rəşad şofer” kimi qeyd edilən şəxslə mesajlarına baxanda, onların nə vaxtsa görüşüb, cinsi əlaqədə olduqlarını gördüm. Mətbəxdə söhbət edərkən, Ayşənə etdiyi hərəkətlərin düzgün olmadığını izah etdim. Yoldaşı isə cavab olaraq, hərəkətlərə haqq qazandırmağa çalışdı. Qəzəblənərək, əllərimlə boğazından tutub onu yerə yıxdım. Sinəsi üzərində oturub çırpılmasına məhəl qoymadan, 2-3 dəqiqə ərzində boğazını sıxıb saxladım. Burnundan qan gəldiyini görüb, öldüyünü anladım”.
Bundan sonra Nurəddin qardaşı Sahəddinə zəng edib təcili yaşadığı ünvana gəlməsini deyib. Sonra 102 xidmətinə zəng edərək, arvadını öldürməsi haqda məlumat verib. Təxminən 20 dəqiqədən sonra polis əməkdaşları yaşadığı ünvana gəliblər.
Şahid Elman Hüseynov bildirib ki, Ayşən Məmmədova ilə TikTok sosial şəbəkəsində tanış olub:
“Ailəli olub-olmadığını soruşanda, qadın boşandığını demişdi. Sonra təlimə getdim və onunla əlaqə saxlamadım. Özüm subayam. Qadınla danışmağımda məqsədim ailə qurmaq deyildi. Görüntülü danışarkən, aramızda intim mövzuda söhbət olmayıb”.
Şahid İbrahim Ağayev bildirib ki. Ayşən ona əvvəl boşandığını, sonra isə evli olduğunu bildirib:
“Qadın özü mesaj göndərmədiyi təqdirdə, ona yazmamağımı xahiş etmişdi. Bir neçə dəfə virtual olaraq seksual xarakterli söhbətlər edib, öz cinsi ehtirasımızı təmin etməyə çalışmışıq. Mayın 5-də “Whatsapp” tətbiqi vasitəsi ilə danışmağa başlayandan 10-15 dəqiqə sonra, Ayşənlə əlaqəsi kəsildi. Bir müddət gözlədim, yenidən ona zəng etdikdə, artıq nömrəsinə zəng çatmadı”.
Məhkəmə iclasında Nurəddin Məmmədov bildirib ki, mobil telefonda “Rəşad Şofer” kimi qeyd edilən kontaktın İbrahim Ağayevə məxsus olmasını bilməyib. Arvadını öldürmək məqsədi olmayıb. Telefondakı yazışmaları sübut kimi məhkəməyə təqdim edib, uşaqlarını yoldaşının əlindən almaq istəyib. Ayşənlə mübahisə edərkən yanlarında heç kim olmayıb. Övladlarından biri yataq otağında telefonla oynayıb, digəri isə televizora baxıb. Uşaqlar mübahisəni eşitməsin deyə otağın qapısını örtüb.
Prokuror təqsirləndirilən şəxsə 11 il 6 ay cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi Namaz İsmayılov bildirib ki, qızının ərinə xəyanət etməsinə dair heç bir məlumatı yoxdur. O, məhkəmədən Nürəddin Məmmədov ən ağır cəza verilməsini xahiş edib.
Nurəddin Məmmədovun vəkili müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 122-ci (affekt vəziyyətində qəsdən adam öldürmə)
maddəsinə tövsif edilməsini xahiş edib.
Nurəddin Məmmədov məhkəmədən himayəsində 2 azyaşlı uşağının, xəstə, iş qabiliyyətini itirmiş ata-anasının olmasını, cinayəti bilərəkdən etməməsini, əməlindən peşman olmasını nəzərə almasını bildirərək, ona ədalətli cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Nurəddin Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.