AFFA İntizam Komitəsi “Qəbələ” klubunu 7000 manat cərimələyib. Lent.az-ın məlumatına görə, buna “Neftçi” ilə Topaz Premyer Liqasının XXV tur matçında baş verən olaylar səbəb olub.
1, 36, 38, 63-cü dəqiqələrdə “Qəbələ”nin azarkeşləri meydançaya kənar əşyalar atıblar. Bu, əyalət klubuna 2000 manat cərimə bahasına başa gəlib. Yerli fanatların təhqiredici pankartlar açması üzündən isə kluba daha 5000 manat cərimə kəsilib.
Növbəti cəzalar AZAL – “Simurq” matçı ilə bağlı olub. 83-cü dəqiqədə “Simurq”un futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib. Elə həmin vaxt AZAL-ın futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etməsi səbəbindən birbaşa qırmızı vərəqə alıb. Şemonayev 3 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb. AZAL-a daha 1000 manat cərimə 4 futbolçusunun sarı vərəqə alması üzündən kəsilib.
“Rəvan” isə “Xəzər Lənkəran”la görüşdə 7 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat cərimələnib.