Sentyabrın 24-də saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir", məlumatda bildirilib.
***
24 sentyabr, saat: 23:06
Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Lent.az xəbər verir ki, bu haqda Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda zərərçəkənlərin müalicələri davam etdirilir.
***
18:51
Sentyabrın 24-də saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi uşaq şöbəsində, 1 kişinin müalicəsi poliklinika şöbəsində, digər 1 nəfər qadının müalicəsi isə yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilir
***
17:40
İmişli rayonunda kütləvi zəhərlənmə olub.
Lent.az-ın məlumatına görə, 18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirilib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.
Məlumata görə, ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.(APA)