XXI əsrdə selfi çəkməyi qadağan etmək ilk baxışdan inanılmaz görünür. Amma dünyanın bir çox şəhərlərində insanlar bu qadağaya əməl etmək məcburiyyətindədir. Tabe olmaq istəməyənlərə isə yüksək məbləğdə cərimələr tətbiq edilir.
Lent.az hazırda dünyada selfi çəkməyi qadağan edən ölkələri təqdim edir:
Fransa
İnsanların çimərlikdən tez-tez fotolar paylaşması çoxlarını narahat edir. Fransanın cənubunda yerləşən “Qraupe” çimərliyinin sahibi selfi çəkməyi qadağan edib. Səbəb kimi foto çəkilən zaman digər şəxslərin istirahətinə maneə yaradılması göstərilir. Onlar bu qadağa sayəsində müştərilərinə daha rahat tətil vəd edirlər.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanında yerləşən Məkkə şəhərini ziyarət zamanı selfi və foto çəkdirmək olmaz. Qadağa son illər gənclərin sayəsində reallaşıb. Həddindən çox çəkilən selfilər ətrafdakı insanları narahat etməklə yanaşı, həm də ortamın mənəvi hissinə mənfi təsir edirmiş. Qadağaya riayət etməyənlərə yüksək məbləğdə cərimə tətbiq edilir.
İspaniya
Buğa döyüşü zamanı selfi çəkmək ölümlə nəticələnib. Məhz bu səbəbdən qadağa qüvvəyə tətbiq edilib. Əgər, “Mən buğanın qəzəbinə gəlmədən, surətli selfi çəkdirəcəm”, deyirsinizsə, o zaman 3 min avro cərimə ödəməli olacaqsınız.
İngiltərə
Londonda keçirilən seçkilər zamanı bülletenlə birgə selfi çəkmək qadağan edilib. Bu namizədlərin reklamı kimi dəyərləndirilir. Oxşar qadağa Türkiyədə də mövcuddur.
İran
İranlı futbolçular xanım pərəstişkarları ilə selfi çəkdirə bilməz. Buna səbəb isə xanımlarla səmimi görüntünün yaranmasıdır. Yalnız bir halda icazə verilir: foto çəkdirmək istəyən insanla aralarında məsafə və xanımlar qapalı geyimdə olmalıdır.
Hindistan
Tac Mahalın içərisində və həyətində selfi çəkdirmək olmaz. Bu qadağaya əməl etməyən yaponiyalı turistin üzərinə mərmər parçası düşüb və həlak olub.