Uşağınıza heç bir halda deməməli olduğunuz SÖZLƏR
01 mart 2025 18:54 (UTC +04:00)

Uşağınıza heç bir halda deməməli olduğunuz SÖZLƏR

Psixoloqlar vurğulayır ki, bəzi valideyn ifadələri uşaqlarda yalan danışmaq vərdişini formalaşdırır. Uşağın yalan danışmasının qarşısını almaq üçün valideynlərin heç bir halda işlətməməli olduğu ifadələri sizinlə paylaşırıq.

Lent.az bununla bağlı maraqlı faktları sizə təqdim edir:

Bu ifadələr uşağı niyə yalan danışmağa məcbur edir?

Valideynlər çox vaxt uşaqlarını tərbiyə edərkən bilmədən elə ifadələr işlədirlər ki, bu, onların gələcəkdə yalan danışmağı normal qəbul etməsinə gətirib çıxarır. Məsələn:

"Artıq böyümüsən, amma hələ də uşaq kimi ağlayırsan!”
“Səsi kəs! Bağırma!”
“Sən niyə normal davrana bilmirsən?”

Bu cür ifadələr uşağı emosiyalarını gizlətməyə və valideynlərinin neqativ reaksiyasından qorxaraq, həqiqəti söyləməməyə sövq edir. Məsələn, uşaq stəkanı sındırıb və bunu valideynindən gizlədib. Əgər valideyn onu sərt şəkildə danlayarsa, uşaq növbəti dəfə oxşar bir hadisə baş verdikdə bunu gizlətməyə və ya başqa bir bəhanə gətirməyə çalışacaq. Psixoloqlar tövsiyə edir ki, uşağa qarşı sərt danlama və ya cəzalandırma metodları əvəzinə, “mən-mesajı” adlı ünsiyyət metodundan istifadə edəsiniz.

Məsələn, əvəzinə belə bir ifadə işlətmək olar:

“Stəkanın sındığını görüb təəssüfləndim, amma bu, hər kəsin başına gələ bilər. Növbəti dəfə belə bir şey olsa, çəkinmədən mənə xəbər ver”.

Bu şəkildə uşağınızın açıq və səmimi ünsiyyət qurmasına şərait yaratmış olacaqsınız. O, qorxmadan sizə hər şeyi danışa biləcək və gizlətmək ehtiyacı hiss etməyəcək.

Uşağı qorxutmaq yalan danışmağa sövq edir

"Yeməyini bitirməsən, torbaçı gəlib səni aparacaq"

Bu cür ifadələr uşaqlar üçün çox təhlükəlidir. Kiçik uşaqların tənqidi düşünmə bacarığı hələ tam inkişaf etmədiyindən, onlar valideynlərinin dediklərinə tam inamla yanaşırlar. Uşaq real və qeyri-real anlayışları ayırd edə bilmədiyi üçün valideynin qorxutduğu varlıqdan ehtiyat etməyə və qorxu içində yaşamağa başlayır. Bu da yalan danışmaq üçün bir səbəbə çevrilir. Yəni o, “təhlükədən” qaçmaq üçün həqiqəti gizlədə bilər. Bunun əvəzinə konstruktiv şəkildə izah etmək daha doğrudur. Məsələn, "Əgər yeməyini yesən, bütün gün oynamaq üçün enerjin olacaq".

Bu cür ifadələr uşağa yeməyin faydasını başa salmağa və yemək yeməyə dair müsbət münasibət formalaşdırmağa kömək edəcək.
Valideynlərin uşaqlarına dediyi sözlər onların dünyagörüşünün və psixologiyasının formalaşmasına birbaşa təsir edir. Sərt cəzalandırma və danlama uşaqlarda yalan danışmaq vərdişini yarada bilər. Bunun əvəzinə, onları qorxmadan həqiqəti söyləməyə təşviq edən ifadələr işlətmək daha doğrudur. Uşaqlarınıza qarşı anlayışlı və diqqətli olun, çünki onların xarakteri və psixoloji inkişafı məhz sizin davranışlarınızdan formalaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar