Turistlərin  getmədiyi ölkənin görünməmiş ekzotikası
16 iyul 2026 15:46 (UTC +04:00)

Turistlərin getmədiyi ölkənin görünməmiş ekzotikası

0

Səhralıq ölkələr arasında turistlərin ən az ziyarət etdiyi istiqamətlərdən biri olan Mavritaniya əslində unikal təbiəti və zəngin tarixi ilə diqqət çəkməyə layiqdir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ərazisinin təxminən 90 faizi Sahara səhrası ilə örtülü olan Mavritaniya dünyanın ən az ziyarət edilən ölkələrindən biridir. Hər il buraya 10 mindən az xarici turist gəlir.

Bununla belə, ölkə daha böyük marağa layiq hesab olunur.

Mavritaniyada turizm infrastrukturu kifayət qədər zəif inkişaf edib. Ölkənin əsas balıqçılıq mərkəzi olan liman şəhəri Nuadibudur. Soyuq Kanar cərəyanı sayəsində bu ərazidə balıq və ahtapot ehtiyatları olduqca zəngindir.

Limanda eyni vaxtda minlərlə ənənəvi piroq qayıqları toplaşır. Onların sayı o qədər çoxdur ki, hətta kosmosdan belə görünür.

Paytaxtdakı müasir dövlət binaları qumla örtülü küçələrdən elə də uzaqda yerləşmir. Bu səbəbdən şəhər sanki Sahara səhrasının ortasında salınmış böyük yaşayış məntəqəsini xatırladır.

Paytaxtın yaxınlığında yerləşən Beyla bazarı Afrikanın ikinci ən böyük dəvə bazarı hesab olunur. Mavritaniyada təxminən iki milyon dəvə var və onlar bu gün də ölkə təsərrüfatının vacib hissəsi olaraq qalır. Hətta hərbçilər ucqar ərazilərdə patrul xidməti zamanı dəvələrdən istifadə edirlər. 

UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş qədim Ualata şəhəri qırmızı gildən tikilmiş memarlıq nümunələri və əsrlər boyu yerli ailələrin evlərində qorunub saxlanılan qədim əlyazmaları ilə məşhurdur.

Marşrutun ən önəmli məntəqələrindən biri də Şinqetti şəhəri olub. VIII əsrdə əsası qoyulan bu şəhər vaxtilə transsəhrə ticarətinin və islam elminin ən mühüm mərkəzlərindən biri sayılıb. Hazırda isə qum təpələri tədricən şəhəri udur. Qum altında qismən qalmış tərk edilmiş evlər postapokaliptik mənzərə yaradır.

Şinqettidə astronomiya, tibb, həndəsə, poeziya və islam hüququna dair qədim əlyazmaların saxlanıldığı tarixi kitabxanalar da bu günədək qorunub.

Atar şəhəri yaxınlığında yerləşən Tercit vahəsi  sonsuz qum dənizi arasında yerləşən  Sahara səhrasında həyatın davamlılığının rəmzi hesab olunur. Mavritaniya isə bu gün də kütləvi turizmin hələ kəşf etmədiyi zəngin tarixi və mədəni irsini qoruyub saxlayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar