Turistlər necə  külli miqdarda pul   itirirlər: Ciblərinizi boşaldan 7 SƏHV
15 aprel 2025 17:52 (UTC +04:00)

Turistlər necə külli miqdarda pul itirirlər: Ciblərinizi boşaldan 7 SƏHV

Xaricə səyahət - dincəlmək və yeni ölkələri kəşf etmək üçün əla vasitədir. Lakin turistlər çox vaxt təcrübəsizlik və ya hazırlıqsızlıq səbəbindən maliyyə baxımından səhvlərə yol verirlər. Bu isə əlavə komissiyalardan tutmuş gözlənilməz xərclərə qədər baha başa gələ bilər.

Lent.az xarici mediaya istinadla bu 7 səhvin səbəblərini təqdim edir:  

1. Beynəlxalq ödənişlərə görə komissiyalar

Kredit kartı ilə xaricdə alış-veriş edərkən hər əməliyyata görə 3% komissiya tutulur. Əgər tez-tez səyahət edirsinizsə, belə komissiyası olmayan kart əldə etmək məsləhətdir. Səyahətdən əvvəl bankla əlaqə saxlayıb bu komissiyanın tətbiq olunub-olunmadığını öyrənin.

2. Yerli valyutada nağd pulun olmaması

Bir çox turistlər ölkəyə gələndə bankomatdan pul çıxaracağını düşünür, amma ilk andaca nağd pula ehtiyac ola bilər - taksi, oteldə çay pulu, xırda alış-veriş və s. Aeroportda pul çıxarmaq mümkündür, amma komissiyalar yüksəkdir. Ən yaxşısı səyahətdən əvvəl bankda valyuta dəyişməkdir. Başlanğıc üçün 100-300 dollar dəyərində yerli pul tövsiyə olunur.

3. Valyutanı birinci gördüyünüz köşkdə dəyişmək

Aeroportlarda valyuta məzənnəsi adətən çox əlverişsiz olur, əlavə 14 faizə qədər komissiya tətbiq edilə bilər. Ən yaxşısı şəhər mərkəzindəki bankomatlardan və ya etibarlı məntəqələrdən istifadə etməkdir.

Turist bölgələrindən uzaq durmaq tövsiyə olunur. Səfərdən əvvəl yaxşı məzənnə olan yerləri araşdırmaq faydalıdır.

4. Bankomatdan tez-tez az miqdarda pul çıxarmaq

Hər dəfə pul çıxaranda həm bankomat, həm də bank tərəfindən komissiya tutulur. Ona görə də bir dəfəyə böyük məbləğ çıxarmaq daha sərfəlidir. Lakin təhlükəsizlik qaydalarını unutmayın - qaranlıq küçələrdən və şübhəli ATM-lərdən uzaq olun. Ən yaxşısı bankların və ya supermarketlərin içində yerləşən bankomatlardır.

5. Məzənnəni hesablamağı bacarmamaq

Qiymətləri dollara çevirməyi bacarmamaq insanı tez xərcləməyə vadar edir. Səyahətə getməzdən əvvəl "bu pizza mənə 10 dollar başa gələcək" kimi düşünmə məşqləri etmək faydalıdır. Bu, xarici qiymətləri başa düşməyə kömək edir.

6. Kartla ödənişdə öz valyutanı seçmək

Bəzən satış terminalı sizə hansı valyutada ödəmək istədiyinizi soruşur — yerli, yoxsa öz valyutanızda (məsələn, dollar). Görünüşcə rahat olsa da, bu seçim "dinamik konversiya" səbəbindən baha başa gəlir. Həmişə yerli valyutada ödəməyi seçin - bu zaman bankınızın kursuna əsasən ödəniş edilir və əlavə xərclərdən qaçmış olursunuz.

7. Mobil rabitə xərclərini nəzərə almamaq

Rouminq xüsusilə internet istifadəsində çox baha ola bilər. Səfərdən əvvəl bu məsələyə hazırlaşmaq vacibdir - yerli SIM kart alın və ya beynəlxalq tarif bağlatdırın.

Wi-Fi hər yerdə olmur və hər zaman təhlükəsiz deyil. Gözlənilməz telefon xərcləri səyahət zövqünüzü poza bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar