Astronomlar “Super Yer” sinfinə aid olan yeni bir planet kəşf ediblər və bu kəşf kainatda diametri Yerin diametrindən iki dəfə böyük olan planetlərin niyə demək olar ki, olmadığını izah etməyə kömək edir.
Lent.az xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
TOI-512b adlandırılan bu planet TESS kosmik teleskopu və VLT yerüstü teleskopu vasitəsilə aşkar edilib. Günəş sistemimizdə müxtəlif ölçülərdə və xüsusiyyətlərə malik planetlər mövcuddur. Məsələn, Uran planeti ən qeyri-adi planetlərdən biridir və bu, son araşdırmaların da göstərdiyi kimi, onun peyklərinə də aiddir. Bu dünyalar okean planetləri ola bilər və TOI-512b planetinə gəldikdə isə, o da özündə suyu birləşdirir, lakin bu halda vəziyyət daha mürəkkəbdir.
Alimlər tərəfindən kəşf edilmiş və TOI-512b adlandırılmış planet bizdən 218 işıq ili uzaqlığında yerləşir və “Super Yer” sinfinə aiddir, yəni ölçü baxımından Yer planetindən böyükdür, lakin fərq o qədər də böyük deyil. Astronomlar müəyyən ediblər ki, bu planetin diametri Yerin diametrindən 1.5 dəfə böyükdür. Eyni zamanda, TOI-512b-nin kütləsi təxminən Yer kütləsindən 3.5 dəfə çoxdur. Yeni planetin diametri və kütləsi məlum olduqdan sonra astronomlar onun sıxlığını hesablaya biliblər - bu göstərici orta hesabla 1 kub santimetrə görə 5.62 qramm təşkil edir. Yəni TOI-512b Yer planetindən bir qədər daha sıxdır, çünki Yer kürəsinin orta sıxlığı 1 kub santimetrə görə 5.52 qramdır.
Əgər TOI-512b planeti Yer ölçüsündə olub bu sıxlığa malik olsaydı, bu onun qaya tərkibli və bərk səthə malik bir dünya olduğunu göstərərdi. Lakin TOI-512b həm ölçü, həm də kütlə baxımından Yerdən böyükdür, buna görə də məsələ o qədər də sadə deyil. Alimlər müəyyən ediblər ki, TOI-512b planetinin orbit dövrü cəmi 7 gündür. Yəni planet bir Yer həftəsində öz ulduzu ətrafında tam dövr edir, lakin bunu cəmi 9.8 milyon km məsafədə edir. Bu, Yer ilə Günəş arasındakı məsafədən təxminən 15 dəfə azdır. Bu da o deməkdir ki, bu planetdə həyatın olması mümkünsüzdür, çünki o, Günəşdən Yerə nisbətən öz ulduzundan təxminən 112 dəfə artıq istilik alır.
Kainatda astronomlar müxtəlif ölçülü çoxlu sayda planetlər aşkar ediblər, lakin diametri Yerin diametrindən 1.8 - 2.4 dəfə böyük olan planetlərə demək olar ki, rast gəlinmir. Bəzi nəzəriyyələrdən birinə görə, əvvəlcə Neptun ölçüsündə olan, qaz və buzla zəngin planetlər ulduzlarına daha yaxın məsafələrə doğru miqrasiya edirlər və ulduzlardan gələn şüalanma bu planetlərin atmosferini məhv edir. Nəticədə planetlərin ölçüsü kiçilir. Başqa bir nəzəriyyəyə görə isə, planetlərin yaranması zamanı daxildə qalan istilik onların dərinliklərindən qalın qaz təbəqəsinə doğru sızır, bu təbəqəni qızdırır və buxarlanmasına səbəb olur.
Bu da planetlərin ölçüsünün azalmasına gətirib çıxarır. Astronomlar hesab edirlər ki, yaşı 4-8 milyard il olaraq qiymətləndirilən TOI-512b planeti əvvəllər Neptun ölçüsündə - yəni Yer ölçüsündən təxminən 4 dəfə böyük olmuş ola bilər, lakin sonradan o öz atmosferinin böyük bir hissəsini itirib. Planetin sıxlığına, kütləsinə və həcminə əsaslanaraq astronomlar onun mümkün daxili quruluşunun modelini yaradıblar. Alimlərin fikrincə, bu planetin kiçik bir nüvəsi var və bu nüvə planetin kütləsinin 13%-ni təşkil edir; mantiyası 69%, su qatı isə planetin kütləsinin 16%-nə qədərini əhatə edir. Cəmi 2% kütlə atmosferdən qalan nazik qaz təbəqəsinə aiddir.
Müqayisə üçün, Yer planetində suyun kütlə payı 0.02%-dən çox deyil. Astronomların sözlərinə görə, əgər TOI-512b planetinin ölçüsü ulduzun şüalanması və istiliyi səbəbilə kiçilmiş olsaydı, onda planetdə nə su, nə də atmosfer ümumiyyətlə qalmazdı. Buna görə də böyük ehtimalla burada planetin daxili istiliyi rol oynayıb. Eyni zamanda, alimlər bildiriblər ki, bu, bütün planetlərin qaz halındakı örtüklərini eyni şəkildə itirdikləri demək deyil. Ola bilər ki, bəzi hallarda həm ulduzun istiliyi, həm də planetin daxili istiliyi bu prosesdə eyni anda təsir göstərir. Astronomlar deyirlər ki, əldə olunan nəticələri təsdiqləmək üçün TOI-512b-yə bənzər daha çox planet tapmaq lazımdır.