Rusiya, Google-ı keçmişdəki məhkəmə işləri ilə əlaqədar cəzalarla birlikdə 20.000.000.000.000.000.000.000.000.000.000.000 (desilyon) dollardan çox bir məbləğdə ciddi bir cəriməyə məhkum edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəhəng cəzanın tarixi 4 il əvvələ gedib, çıxır. 2020-ci ildə YouTube ABŞ-ın kanal sahibinə qarşı sanksiyalarına əməl edərək, Rusiyanın ultramillətçi Tsargrad TV kanalını qadağan etmişdi. O zamandan bəri, xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra siyahıya yeni kanallar əlavə edilib. Hazırda Rusiyanın Müdafiə Nazirliyinə bağlı olan Zvezda TV də daxil olmaqla ümumilikdə 17 kanal Google-a qarşı məhkəmə işinə başlamaq üçün müraciət edib.
Rus qanunlarına görə, İnzibati Xətalar Məcəlləsinə zidd davranmaqda ittiham olunan Google, məhkəmə qərarı ilə YouTube-da bu kanalları yenidən aktivləşdirməyə məcbur edilib. Qərara əsasən, şirkət kanalları açmazsa, hər gün üçün 100 min rubl (təxminən 1.025 $) cərimə ödəməli olacaq. Bu cəza hər həftə artaraq böyüyür və mürəkkəb faizlə hesablanır. Buna görə də hazırkı ümumi cəza son dərəcə yüksək bir səviyyəyə çatıb.
Lakin Google-ın bu cərimələr səbəbindən iflas etməsi ehtimalı aşağıdır. Rusiyada 2022-ci ildən bəri fəaliyyət göstərməyən və bank hesablarına həbs qoyulduğu üçün yerli əməliyyatları dayanma nöqtəsinə gələn Google, hazırda ölkədəki iş gücünü böyük ölçüdə azaltmış vəziyyətdədir. Rusiyanın Google-a aid olan aktivləri müsadirə etmək səyləri isə beynəlxalq məhkəmələrdə davam edir.