Qatlana bilən  smartfon almağa   tələsməyin -  5 ciddi səbəb
01 oktyabr 2026 19:47 (UTC +04:00)

Qatlana bilən smartfon almağa tələsməyin - 5 ciddi səbəb

0

Qatlana bilən smartfonlar son illərin ən diqqətçəkən texnoloji yeniliklərindən biri hesab olunur. Böyük ekran, qeyri-adi dizayn və kompakt korpus bu cihazlara marağı artırsa da, onların bəzi ciddi çatışmazlıqları var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aaşdırmalara görə, qatlana bilən modellər hazırda dünya smartfon bazarının təxminən 2 faizini təşkil edir. Bununla belə, adi smartfon istifadəçilərinin təxminən 59 faizi belə cihazlara maraq göstərir.

Bəzi flaqman qatlana bilən smartfonların qiyməti isə 2000 dolları keçir. Belə yüksək qiymət ödəyən istifadəçilər cihazdan yalnız fərqli dizayn deyil, həm də yüksək davamlılıq, güclü kamera və rahat gündəlik istifadə gözləyirlər.

Qatlana bilən smartfonların üstünlüyü nədir?

Bu cihazların əsas üstünlüklərindən biri kompakt ölçü ilə böyük ekranı birləşdirməsidir. Açıldıqda bəzi modellərin ekranı 8 düymə qədər böyüyür və smartfon faktiki olaraq kiçik planşetə çevrilir.

Bu format kitab və məqalə oxumaq, video izləmək, sənədlərlə işləmək və eyni anda bir neçə tətbiqdən istifadə etmək üçün əlverişli ola bilər.

Qatlana bilən telefonlarda ekranın müəyyən bucaq altında saxlanılması da əlavə imkanlar yaradır. Məsələn, telefonu masanın üzərinə yarıaçıq vəziyyətdə qoyaraq ştativ olmadan videozəng etmək və ya şəkil çəkmək mümkündür.

Lakin bütün bu üstünlüklərin qarşılığında istifadəçilərin nəzərə almalı olduğu ciddi çatışmazlıqlar da mövcuddur.

Ekran daha həssasdır

Əsas problemlərdən biri qatlana bilən ekrandır. Elastik şüşə və plastik örtük klassik smartfon ekranları ilə müqayisədə cızılmalara daha həssas ola bilər.

Uzunmüddətli istifadədən sonra ekranın qatlanan hissəsində xətt və ya çökəklik də daha nəzərəçarpan hala gələ bilər.

Şarnir mexanizmi əlavə risk yaradır

Qatlana bilən telefonların ən mürəkkəb hissələrindən biri şarnir mexanizmidir. Bu sistem çoxsaylı hərəkətli detallardan ibarətdir.

Toz, qum və digər xırda hissəciklərin mexanizmə daxil olması zamanla cihazın işləməsinə təsir göstərə bilər. Buna görə də belə telefonlarda su və toza qarşı IP qoruma standartları xüsusi əhəmiyyət daşıyır.

Adi telefondan daha ağır və qalındır

Qatlana bilən smartfonların əksəriyyətinin çəkisi 200 qramdan çoxdur. Telefon qatlandıqda isə korpus adi smartfonlarla müqayisədə xeyli qalın ola bilər.

Bu, xüsusilə telefonu cibdə daşıyan və ya uzun müddət bir əllə istifadə edən insanlar üçün narahatlıq yarada bilər.

Kamera baxımından güzəştlər var

Yüksək qiymətinə baxmayaraq, bəzi qatlana bilən telefonların kameraları eyni qiymət kateqoriyasındakı klassik flaqmanlardan geri qala bilər.

İstehsalçılar korpusu mümkün qədər nazik saxlamaq üçün kamera modullarının ölçüsünü məhdudlaşdırmalı olurlar. Bu isə daha böyük sensorların və mürəkkəb optik sistemlərin yerləşdirilməsini çətinləşdirir.

Təmir çox baha başa gələ bilər

Qatlana bilən smartfonların ən ciddi problemlərindən biri də təmir xərcləridir.

Mürəkkəb ekran konstruksiyası, şarnir mexanizmi və çoxsaylı hərəkətli hissələr səbəbindən belə telefonların təmiri adi smartfonlardan xeyli baha ola bilər.

iFixit mütəxəssisləri də bir sıra qatlana bilən modellərin təmirinin olduqca çətin olduğunu bildiriblər.

Qatlana bilən smartfon kimlər üçün uyğundur?

Belə cihazlar böyük ekrana ehtiyacı olan, smartfondan sənədlərlə işləmək, oxumaq, video izləmək və çoxsaylı tapşırıqları eyni anda yerinə yetirmək üçün istifadə edənlər üçün maraqlı seçim ola bilər.

Lakin daha davamlı cihaz, yüksək səviyyəli kamera, münasib təmir xərcləri və daha sərfəli qiymət axtaran istifadəçilər üçün klassik smartfonlar hələ də daha praktik seçim olaraq qalır.

Məqalədə həmçinin bildirilir ki, Apple şirkətinin ilk qatlana bilən modeli kimi təqdim olunan “iPhone Duo”nun oktyabr ayında satışa çıxarılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar