iPhone 16e-nin QİYMƏTİ  bəlli oldu
20 fevral 2025 10:53 (UTC +04:00)

iPhone 16e-nin QİYMƏTİ bəlli oldu

Apple rəsmi şəkildə növbəti iPhone modelini təqdim etdi. Söhbət, orta büdcəli iPhone 16e-dən gedir. Daha öncə bu smartfonun iPhone SE 2025 adlanacağı güman edilirdi.

Lent.az Apple-nin rəsmi səhifəsinə istinadən xəbər verir ki, məşhur marka bu dəfə fərqli ada üstünlük verib. Təqdim edilmiş yeni iPhone 16e modeli daha müasir xarici görünüşə və daha yüksək səviyyəli texniki imkanlara sahibdir. Daha öncəki məlumat sızıntılarında da olduğu kimi iPhone 16e modeli xarici görünüşcə iPhone 14-ə bənzəyir. Yeni smartfon yastı gövdə dizaynını əldə edib və onun ekranı üzərində Dynamic Island əvəzinə ənənəvi çıxıntı hissə yerləşib. Smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib 2532x1170 piksel keyfiyyətli 6.1 düym ölçülü OLED ekranla təchiz olunub.

Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit, pik parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir. iPhone 16e modeli Apple A18 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, eyni prosessor həmçinin adi iPhone 16 modelində də istifadə edilir. Şirkətin sözlərinə əsasən bu prosessor iPhone 11-də istifadə edilən A13 Bionic prosessorundan 80% daha sürətlidir və o, həm standart tapşırıqların həm də intensiv tapşırıqların öhdəsindən gələ bilir. Bura həmçinin Apple Intelligence ekosisteminin süni zəka imkanları da daxildir. A18 prosessoru sayəsində smartfon digər iPhone 16 modellərində olan Apple Intelligence imkanlarının hamısını əldə edib. Bu imkanlara misal olaraq Clean Up, Image Playground, Genmoji, Writing Tools, ChatGPT inteqrasiyasını və s. gətirmək olar.

iPhone 16e-nin əsas fərqləndirici tərəflərindən biri də odur ki, onda Apple şirkətinin ilk fərdi 5G modemindən istifadə edilir. Sözügedən modem C1 adlanır. Şirkət bildirib ki, bu, indiyənə kimi olmuş iPhone-lara quraşdırılmış mobil modemlər arasında ən enerji effektivli modemdir. iPhone 16 seriyasından iPhone 16e modeli üstəlik Action Button düyməsini də əldə edib. iPhone 16e-nin arxa panelində yalnız bir ədəd kamera yerləşib. Söhbət, f/1.6 diafraqmalı 48 MP-lik kameradan gedir. O, 2  qat zoom-u təmin edir və saniyədə 60 kadr sürətlə 4K videoların çəkiliş imkanını verir. Ön kamera isə smartfonda 12 MP-likdir. Smartfon 128/256/512 GB daxili yaddaş versiyalarında təqdim edilib. Üstəlik iPhone 16e özündə Lightning girişi əvəzinə USB-C girişini birləşdirir. iPhone 16e smartfonu 28 fevral tarixində satışa çıxacaq və onun qiyməti 599$-dan start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9204

Oxşar yazılar