Dünyada ilk:  Bu elektrobus şarj  tələb etmir
14 iyun 2026 13:39 (UTC +04:00)

Dünyada ilk: Bu elektrobus şarj tələb etmir

0

Kanadalı mühəndislər buzlaqların tədqiqi üçün nəzərdə tutulmuş və tamamilə avtonom rejimdə işləyə bilən ilk elektrik avtobusunu hazırlayıblar. Bu nəqliyyat vasitəsi generator, şarj stansiyası və hətta elektrik şəbəkəsinə çıxış olmadan fəaliyyət göstərə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, buzlaqların tədqiqinə əsaslanan turizm dünyada yalnız az sayda ölkədə inkişaf edib. Kanada da bu ölkələrdən biridir. Burada turistlərin buzlaqlara daşınması üçün xüsusi hazırlanmış avtobuslardan istifadə olunur.

Yeni elektrik modeli Kanadanın Casper Milli Parkında işləmək üçün hazırlanıb. Onun operatoru isə Pursuit şirkəti olacaq.

Elektrobus aşağı temperatur şəraitində işləyə bilən istilik tənzimləmə sisteminə malik 528 kVt/saat tutumlu batareya ilə təchiz olunub. Akkumulyatora çətin keçilən ərazilərdə hərəkət zamanı əlavə qoruyucu sistem də quraşdırılıb.

Avtobusun fəaliyyət göstərəcəyi ərazidə nə şarj stansiyaları, nə də adi elektrik şəbəkəsi olduğundan, layihədə əsas diqqət onun avtonomluğunun artırılmasına yönəldilib.

Bu məqsədlə nəqliyyat vasitəsində enerji bərpa sistemi quraşdırılıb. Belə ki, avtobus buzlaqdan enərkən əyləcləmə zamanı yaranan enerjinin bir hissəsini yenidən batareyaya ötürür.

Lakin əsas enerji mənbəyi avtobusun damında yerləşdirilən ikitərəfli günəş panelləridir. Bildirilir ki, qar və buzun günəş şüalarını güclü əks etdirməsi səbəbindən bu panellər buzlaqlarda xüsusilə səmərəli işləyir.

Günəş qurğusunun ümumi gücü 6 kVt təşkil edir və o, gün ərzində təxminən 40 kVt/saat elektrik enerjisi istehsal edə bilir.

Mühəndislərin sözlərinə görə, tam doldurulmuş batareya avtobusun buzlağın yuxarı hissəsinə və geri 32-35 reys həyata keçirməsi üçün kifayət edir. Bu avtonomluqda günəş panelləri və enerji bərpa sistemi mühüm rol oynayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar