Robert Robinson
20 may 2025 20:15 (UTC +04:00)

Robert Robinson

SSRİ-yə iş üçün gələn Amerikalı mühəndis 44 il ölkədən çıxa bilmədi

Sovet İttifaqı uzun illər ölkəyə girişi və çıxışı məhdud olan, qapalı ölkə hesab olunurdu. Dünyanın ilk sosialist ölkəsinə işləmək üçün gələn qaradərili amerikalı mühəndis – Robert Robinsonun taleyi bu baxımdan xüsusən maraqlıdır. 23 yaşından Spvet İttifaqına gələn Robinson yalnız 67 yaşında “qırmızı imperiya”nın sərhədlərindən kənara çıxaraq vətəni ABŞ-yə qayıda bilir.

Lent.az amerikalı mühəndisin başına gələn hadisə barədə yazını təqdim edir.

Robert Robinson, 1930-cu ildə ABŞ-da Böyük Depressiyanın təsiri ilə Sovet İttifaqına işləməyə dəvət olunmuş və orada 44 il yaşamış bir afroamerikalı mühəndisdir. Onun həyat hekayəsi, Sovetlərdəki irqçilik və repressiyalarla dolu təcrübələrini əks etdirir.

1930-cu ildə 23 yaşında olan Robinson, Detroyt şəhərindəki Ford zavodunda işləyərkən Sovet nümayəndələri tərəfindən Stalinqrad Traktor Zavodunda işləməyə dəvət edildi. “Böyük Depressiya” adını almış iqtisadi böhranın ən kəskin dövrünə təsadüf edən bu təklif onun üçün cəlbedici görüldü. Sovet mühəndislərinə təlimlər keçən Robinson 2 il Stalinqradda çalışdıqdan sonra Moskvada zavodda çalışmağa başladı.

1934-cü ildə, Sovet təbliğatının bir hissəsi olaraq, Robinson Moskva Sovetinəəhər şurası) nümayəndə seçildi. Bu, onun ABŞ vətəndaşlığının ləğv olunmasına səbəb oldu və onun Sovet İttifaqında qalmasına gətirib çıxardı. O, Moskva Mexanika Mühəndisliyi İnstitutunun axşam şöbəsində təhsil aldı və mühəndis kimi işlməyə başladı.

Sovet İttifaqında keçirdiyi illər ərzində Robinson, Stalin repressiyalarını, İkinci Dünya Müharibəsi dövründəki çətinlikləri və Sovet cəmiyyətindəki dərin irqçiliyi öz üzərində yaşadı. O, İttifaqdakı irqçiliyin ABŞ-dakıdan daha görünməz və təhlükəli olduğunu qeyd edirdi.

Robinson, Sovet İttifaqından ayrılmaq üçün dəfələrlə cəhd etdi və nəhayət 1974-cü ildə Uqandaya işçi səfər etmək üçün icazə aldı. Uqandaya gələn kimi o, sığınacaq üçün müraciət etdi və daha sonra vətəni ABŞ-a qayıtdı. 1988-ci ildə "Black on Red: My 44 Years Inside the Soviet Union" adlı xatirə kitabını nəşr etdirdi. Bu kitabda, Robinson Sovet İttifaqında keçirdiyi illəri və oradakı həyatın reallıqlarını ətraflı şəkildə təsvir edir. Həmin kitabdan parçalar:

“Mən müharibənin ikinci ilində rusların öz sovet həmvətənlərinə qarşı fanatik dözümsüzlüyünü öyrəndim. Cəbhəyə gedən fəhlələrin yerinə Özbəkistandan, Qazaxıstandan böyük bir dəstə işçi bizim zavoda göndərildi. Asiya məəli əməkdaşları orduya götürməməyə çalışdılar, lakin onları tikinti batalyonlarına göndərdilər: onlara silah deyil, kürək və çəkic etibar edilə biləcəyinə inanılırdı. Özbəklər və qazaxlılar amerikalı məhkumlar kimi daşları köçürür, ağacları kəsir, yollar çəkirdilər. Zavod işçiləri  olan etnik ruslar onlara ikrahla yanaşırdılar; onlara qulaq assanız, asiyalılar axmaq, tənbəl, pis, xain idilər və guya onlardan pis iyi gəlirdi”.

Sovet İttifaqında irqçiliklə heç vaxt barışmamışam. İrqçilik daim mənim səbrimi sınayıb və insan ləyaqətimi təhqir edib. Ruslar irqi qərəzdən azad olduqları ilə öyündükləri üçün onların irqçilikləri ABŞ-da gəncliyimdə rastlaşdığımdan daha qəddar və təhlükəlidir... Əslində, bu ölkədə rus olmayanların hamısına yuxarıdan aşağı baxılır. İrqçi kateqoriyalara görə, ermənilər, gürcülər və ukraynalılar digər qeyri-ruslardan nisbətən yaxşı hesab olunurdu. Daha sonra bu kateqoriyaya sovet respublikalarından olan asiyalılar – özəbklər, türkmənlər, qazaxlar, qırğızlar və taciklər gəlirdi. Qaradərilillərə münasibət isə daha pis idi, onlar ən aşağı kateqoriya hesab edilirdi. İrqçilik reallığı Sovet hakimiyyətinin nümayiş etdirdiyi mənzərə ilə tamamilə ziddiyyət təşkil edirdi”, - o kitabında yazır.

Robert Robinson, 1994-cü ildə Vaşinqtonda vəfat etdi. Onun hekayəsi, Sovet İttifaqında yaşayan azsaylı afroamerikalılardan biri olaraq, həmin dövrün sosial və siyasi reallıqlarını anlamaq üçün dəyərli bir mənbədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar