Zülalı yoxlanılmadı, doğuşdan sonra  komaya düşdü - Məşhur həkimə qarşı ŞOK İDDİA  - YENİLƏNİB
31 iyul 2026 15:36 (UTC +04:00)

Zülalı yoxlanılmadı, doğuşdan sonra komaya düşdü - Məşhur həkimə qarşı ŞOK İDDİA - YENİLƏNİB

0

"Baku Medical Plaza" pasiyent Quliyeva Şəhla Muxtər qızının keysəriyyə əməliyyatından sonra komaya düşməsi ilə bağlı açıqlama verib.

"Baku Medical Plaza" Klinikalar Şəbəkəsinin Babək filialından Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma müşahidə edilib:

"Pasiyent Quliyeva Şəhla Muxtar qızı hamiləliyinin 22-ci həftəsində tibb müəssisəmizə müraciət edib, aparılan müayinələrdən sonra hamiləliyi klinikamızın mütəxəssisləri tərəfindən tibbi nəzarətə götürülüb.

İyulun 28-də tibbi göstərişlərə əsasən və mövcud klinik protokollara uyğun olaraq pasiyent üzərində keysəriyyə əməliyyatı icra edilib. Əməliyyatın intraoperativ mərhələsi fəsadsız başa çatıb. Əməliyyatdan sonrakı dövrdə pasiyentdə qəfil başlayan şiddətli baş ağrısı və qıcolma tutması müşahidə olunub.

Dərhal zəruri təxirəsalınmaz tibbi yardım göstərilib, reanimasiya və müvafiq ixtisas həkimləri prosesə cəlb olunub.

Aparılan geniş müayinələr nəticəsində pasiyentdə III dərəcəli mitral qapaq çatışmazlığı müəyyən edilib və vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim konsiliumu çağırılıb. Konsiliumun rəyinə əsasən, pasiyentin mövcud klinik vəziyyəti cərrahi müdaxilə üçün uyğun hesab edilməyib.

Hazırda onun müalicəsi reanimasiya şöbəsində multidissiplinar tibbi heyətin nəzarəti altında davam etdirilir. Pasiyentin özünə və ailəsinə dəstəyimizi ifadə edir, yaranmış vəziyyətlə əlaqədar narahatlığımızı bildiririk. Yenidoğulmuşun vəziyyəti stabildir və müvafiq tibbi nəzarət altındadır.

Klinikamız hər zaman pasiyent təhlükəsizliyini və göstərilən tibbi xidmətin keyfiyyətini prioritet hesab edir. Sonda qeyd etmək istərdik ki, pasiyentin ilk gündən hazırki dövrədək bütün müalicə prosessləri təsdiq olunmuş tibbi protokollara uyğun həyata keçirilib".

15:32

***

Bakıda keysəriyyə üsulu ilə doğuş edən gənc qadın komaya düşüb.

Bu barədə Lent.az-a zərərçəkən 28 yaşlı Quliyeva Şəhla Muxtər qızının yaxınları məlumat veriblər.

Onların sözlərinə görə, əməliyyat iyulun 28-i gecə saatlarında “Baku Medical Plaza”da, ginekoloq Təravət Hümbətova tərəfindən keçirilib:

“Şəhla 5 ay idi ki, Təravət həkimin nəzarətində idi. Əvvəlki analizlərdə xəstədə zülalın çox olduğu bildirilmişdi. İyulun 8-də də yoxlanışda zülal yüksək çıxdı. Amma ayın 21-i və 27-si təzədən yoxlanışa çağırsalar da, heç birində zülal analizi götürülməyib. 28-i zəng ediblər ki, gecə gəlin əməliyyat edək. Gecə saat 1-də əməliyyat baş tutdu. Bizə dedilər ki, ana və uşağı əməliyyatdan problemsiz çıxıb. Lakin 20 saat sonra vəziyyət dəyişdi. Hələ günorta da Şəhlanın təzyiqi 180-ə qalxıbmış. O, zəng edib atasına bu məlumatı verərək, deyib ki, dərman vasitəsilə təzyiqi aşağı salınıb. Amma axşamtərəfi yenə təzyiqi 200-ə qalxıb və beyninə güclü qan sızıb. Qan beyin kötüyünü ciddi zədələyib və xəstəmizə beyin ölümü diaqnozu qoyulub”.

Zərərçəkənin yaxınları bildirib ki, Şəhla Quliyevanın təzyiqi təhlükəli vəziyyətə qalxandan sonra da o, nəzarətdə saxlanılmayıb. Həmçinin qadın doğuş edəndən sonra reanimasiyaya yerləşdirilməli olduğu halda, palataya yerləşdirilib. Yalnız beyninə qansızma olandan sonra Şəhla Quliyeva reanimasiya şöbəsinə aparılıb:

“Xəstəxanadan dedilər ki, artıq əməliyyat edə bilmərik. Ancaq biz xarici həkimlərlə maraqlandıq, sən demə 4 saat ərzində əməliyyat olunmalı imiş. Biz dedik ki, əməliyyat olunmasına razıyıq, lakin xəstəxana yenə də əməliyyatdan boyun qaçırdı. İyulun 28-dən bugünədək xəstəmiz süni tənəffüs aparatına qoşuludur. Xəstəxana beyin ölümü diaqnozu qoyub”.

Şəhla Quliyevanın ailəsi Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə şikayət etdiklərini, Prezident Administrasiyasına da şikayət edəcəklərini deyib. Onlar həmçinin yaxınlarının başına gələn olayda sadəcə Təravət Hümbətovanın deyil, cərrahın, neyrocərrahın, reanimasiya şöbəsinin və digər tibb işçilərinin də günahı olduğunu iddia edirlər.

Ailə həmçinin yeni doğulan körpənin də vəziyyətinin yaxşı olmadığını iddia edib. Onların sözlərinə görə, körpə doğulandan dərhal sonra heç bir analiz götürülməyib. İki gün sonra götürülən analizlərdə məlum olub ki, uşağın ürəyində yırtıq, tənəffüsündə problem var və ürəyində çəpərin qalınlığı daha çoxdur. Həmçinin bədənində də infeksiya yayılıb. Nəticədə uşaq da reanimasiyaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1274

Oxşar yazılar