Nigar Budaqlını yataq xəstəsi  edən həkimlərə HÖKM OXUNDU
31 iyul 2026 11:18 (UTC +04:00)

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

0

Nəsimi rayon Məhkəməsində xəstənin komaya düşməsi faktı üzrə lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın cinayət işi üzrə növbəti proses keçirilib.

Lent.az xəbər verir ki, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilənlərin 3 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkməsini təklif edib. 

Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Təqsirləndirilən Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi onun xəstəyə anesteziya verməsinə və intubasiya etməsinə icazə verməyib:

"Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. C.Əliyeva monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb".

Buna görə də, vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. Cəmilə Əliyeva da vəkilinin dediklərini təsdiqləyib. O əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib: "Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlsə də, onlar xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu mənim müdaxiləm nəticəsindədir".

Yaqub Əsədinin vəkili isə Cəmilə Əliyevanı təqsirkar görüb. Onun sözlərinə cərrah səhv intubasiya etsə də, anestezioloq xəstəni nəzarətsiz qoyub:

"Dövlət ittihamçısının çıxışı əsassızdır, çünki Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni, burada Yaqub doktorun səhvi yoxdur. Buna baxmayaraq həkim xəstəyə maddi dəstək göstərib. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm".

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də bəraət verilməsi düzgün deyil.

Yaqub Əsədi son sözündə bildirib ki, xəstə intubasiyadan yox, istifadə olunan dərmanlara görə bu hala düşüb. O, özünü təqsirli bildiyi üçün yox, mənəvi borcu yerinə gətirmək üçün xəstəyə yardım edib, maddi ziyanın bir qismini ödəyib. Bu səbəbə görə məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Məhkəmə yekun hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkəcəklər. Mülki iddia isə qismən təmin edilib. Hət iki təqsirləndirilənin də daha öncə ödədiyi ziyan nəzərə alınaraq Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 732

Oxşar yazılar