Ağstafada gənc oğlan küçədə onu döyən tanışından amansız qisas alıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.
İttiham aktına görə, bu işdə ona 54 yaşlı atası və 30 yaşlı əmisi oğlu da kömək edib. 20 yaşlı Musa Əzizov (ad və soyad şərtidir) bir neçə gün əvvəl onu döyən tanışı Həsrətdən (şərti adla) qisas almaq istəyib. Bu məqsədlə plan əsasında, atası Namiq (şərti adla) Həsrəti evə çağırıb ki, guya Musa ilə onu barışdırsın. Beləcə Həsrət Musanın yaşadığı evə gəlib və onlar yeyib içiblər. Sərxoş olandan sonra Musanın atası evə gələrək, Həsrətdən niyə oğlunu döydüyünü soruşub. Bundan sonra Namiq bıçaqla Həsrətin başına, Musa isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurub. Bundan sonra Musanın əmisi oğlu Fuad (şərti adla) evə gəlib. Onun gətirdiyi kəndirlə Həsrəti bağlayıblar və videoçəkiliş edərək qohumlarını söyməklə daha ağır işgəncələr veriblər. Qohumların “ürəyi soyuyandan” sonra Həsrəti həyətə gələn başqa maşınla meşəlik əraziyə aparıb buraxıblar.
Bununla da ata, oğul və əmi oğlu qabaqcadan əlbir olmuş qrup halında zərərçəkənə işgəncə və əzab verərək, mütəmadi döyməklə, eləcə də söyməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə əməlini törədiblər.
Hadisə nəticəsində zərərçəkən bir sıra xəsarətlər alıb. Faktla bağlı qohumlar barəsində cinayət işi başlanıb və hər üçü saxlanılıb.
Təqsirləndirilən şəxslərdən Musa Əzizov bildirib ki, zərərçəkən Həsrət bir neçə gün əvvəl onu döyərək mobil telefonla kameraya çəkib. Musanın atası Namiq ifadəsində əməlindən peşman olduğunu desə də, onun qardaşı oğlu Fuad peşman olmadığını deyib.
Zərərçəkən Həsrət isə təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı heç bir şikayətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Musa 3 il 6 ay, atası Namiq 1 il 6 ay və əmisi oğlu Fuad isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.