İyirmi il əvvəl auditoriyaya daxil olan müəllim dərsi başlayanda ilk səs kitab səhifələrinin çevrilməsi idi. Bu gün isə auditoriyada ilk görünən işıqlanan kompyuter və telefon ekranlarıdır. Bəziləri bunu nizam-intizamın zəifləməsi kimi qiymətləndirir. Halbuki məsələ tamam başqadır. Auditoriya dəyişməyib, onu dolduran insanlar dəyişib. Onlar artıq başqa informasiya məkanında formalaşıblar. Əgər müəllim bu yeni dünyanı anlamırsa, tələbə ilə eyni dildə danışması da çətinləşir. “Müasir tələbə əvvəlki nəsillərdən fərqli deyil” demək artıq mümkün deyil. Çünki dəyişən təkcə insanlar deyil, onların böyüdüyü dünya, öyrənmə üsulu və informasiya mühiti də tamamilə dəyişib. Bu gün universitet auditoriyalarında əyləşən gənclər tarixdə rəqəmsal texnologiyalarla birlikdə böyüyən ilk nəsildir. Onlar interneti sonradan öyrənməyiblər, internet onların uşaqlığının ayrılmaz hissəsi olub. Süni intellekt, sosial media, onlayn təhsil platformaları, rəqəmsal kitabxanalar, qlobal informasiya axını və mobil texnologiyalar onların gündəlik həyatını formalaşdıran əsas amillərə çevrilib. Bu səbəbdən Z nəslini XX əsrin pedaqoji yanaşmaları ilə qiymətləndirmək və ya idarə etmək artıq effektiv nəticə vermir. Çünki Müəllim artıq bilik mənbəyindən daha çox təhsil bələdçisidir. Müasir müəllimin əsas vəzifəsi sadəcə bilik ötürmək deyil. Ən vacib missiya tələbənin düşüncə tərzini, informasiya qəbul etmə mexanizmini, psixoloji xüsusiyyətlərini və sosial davranış modelini anlamaqdır. Əks halda müəllim və tələbə eyni auditoriyada olsalar belə, fərqli dünyalarda yaşayacaqlar.
Z nəslini başa düşmək üçün onların istifadə etdikləri tətbiqləri tanımaq kifayət deyil. Onların necə düşündüklərini, necə öyrəndiklərini, nədən motivasiya aldıqlarını və gələcəyi necə gördüklərini anlamaq lazımdır. Müasir pedaqogika göstərir ki, tələbəni başa düşmək üçün onu yalnız qiymətləndirmək də artıq yeganə çıxış yolu deyil. Onu dinləmək lazımdır. Z nəslini anlamağın ən mühüm yollarından biri onlarla dialoq qurmaqdır. Müasir tələbə dinlənilmək istəyir. O, fikrinin dəyərli olduğunu hiss etdikdə daha məsuliyyətli davranır, təşəbbüs göstərir və öyrənmə prosesinə daha fəal qoşulur. Bu isə müəllim və tələbə arasında qarşılıqlı hörmətə əsaslanan yeni akademik mədəniyyət formalaşdırır.
Z nəsli qloballaşmanın məhsuludur. Onlar dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdları ilə eyni sosial şəbəkələrdə ünsiyyət qurur, eyni filmlərə baxır, eyni texnologiyalardan istifadə edir və çox zaman eyni problemləri müzakirə edirlər. Bu proses milli sərhədlərin informasiya baxımından zəifləməsinə səbəb olub. Bununla yanaşı, rəqəmsal mühit fərdiləşməni də gücləndirib. Müasir tələbə əvvəlki dövrlərlə müqayisədə daha müstəqil qərarlar qəbul etmək istəyir. O, müəllimin dediyini yalnız müəllim dediyi üçün qəbul etmir, arqument, məntiq və sübut tələb edir. Bu isə universitetlərdə avtoritar tədris modelindən tərəfdaşlıq modelinə keçidi zəruri edir.
Psixoloji baxımdan Z nəslinin xüsusiyyətləri də əvvəlki nəsillərdən əhəmiyyətli dərəcədə fərqlənir. Onlar yüksək informasiya sürətinə öyrəşiblər. Bir neçə dəqiqə ərzində müxtəlif platformalar arasında keçid etmək onlar üçün adi davranışdır. Bu xüsusiyyət isə uzunmüddətli diqqətin saxlanmasını çətinləşdirə bilir. Lakin bunu diqqətsizlik kimi qiymətləndirmək düzgün olmazdı. Əslində problem məlumatın təqdim edilmə üsulundadır. Əgər dərs interaktivdirsə, real həyat nümunələrinə əsaslanırsa, tələbə müzakirəyə cəlb olunursa və texnologiyadan səmərəli istifadə edilirsə, Z nəslinin motivasiyası əhəmiyyətli dərəcədə artır. Qeyd etmək lazımdır ki, gənclər mənasını başa düşdükləri fəaliyyətə daha yüksək maraq göstərirlər. Buna görə də müəllim “bunu öyrənməlisən” demək əvəzinə, “bu bilik sənin gələcək peşə fəaliyyətində hansı problemi həll edəcək?” sualına cavab verməyə çalışmalıdır.
Artıq müəllim yeganə bilik mənbəyi deyil. Süni intellekt sistemləri, elmi verilənlər bazaları, açıq onlayn kurslar və rəqəmsal kitabxanalar tələbənin bilik əldə etmə imkanlarını misilsiz dərəcədə genişləndirib. Belə şəraitdə müəllimin əsas üstünlüyü informasiyanı təkrarlamaq deyil, onu şərh etmək, əlaqələndirmək və düzgün istiqamətləndirməkdir. Müasir tələbə müəllimin hər dediyini qəbul etmir. Çünki eyni məlumatı bir neçə saniyə ərzində internetdən yoxlaya bilir. Bu, müəllimin nüfuzunun azalması demək deyil. Əksinə, müəllimin üzərinə daha böyük məsuliyyət qoyur. O, faktları sadalamaqdan daha çox həmin faktların mənasını izah etməlidir. Bugünkü müəllimin əsas üstünlüyü Google-dan çox məlumat bilməsi deyil. Əsas üstünlüyü tələbəyə hansı məlumatın doğru olduğunu göstərmək, müxtəlif mənbələri müqayisə etməyi öyrətmək və tənqidi düşüncə formalaşdırmaqdır.
Z nəslinin ən diqqətçəkən xüsusiyyəti informasiyaya münasibətidir. Əvvəlki nəsillər üçün informasiya məhdud resurs hesab olunurdusa, bugünkü tələbə üçün problem informasiyanın çatışmazlığı deyil, onun həddindən artıq çox olmasıdır. Bir neçə saniyə ərzində istənilən mövzu haqqında minlərlə mənbəyə çıxış əldə etmək mümkündür. Bu isə tələbənin yalnız məlumat toplamasını deyil, həmin məlumatı seçmək, qiymətləndirmək və tənqidi təhlil etmək bacarığını ön plana çıxarır. Məhz buna görə də XXI əsr universiteti faktların əzbərlədilməsi üzərində deyil, analitik düşüncə, hüquqi təhlil, yaradıcı yanaşma və problem həll etmə bacarıqları üzərində qurulmalıdır.
Rəqəmsal texnologiyalar bu gün təhsil sistemini köklü şəkildə dəyişdirir. Ən böyük transformasiya isə süni intellektin meydana çıxması ilə baş verib. Artıq tələbələr məqalə hazırlayarkən, tərcümə edərkən, proqram yazarkən və ya hüquqi sənədləri təhlil edərkən süni intellekt alətlərindən istifadə edirlər. Bu vəziyyət bəzi müəllimlərdə narahatlıq yaratsa da, əsas məsələ texnologiyanı qadağan etmək deyil, ondan düzgün istifadə etməyi öyrətməkdir. Kalkulyator riyaziyyatı məhv etmədiyi kimi, süni intellekt də təhsili məhv etməyəcək. Əksinə, düzgün tətbiq olunduqda o, öyrənməni daha səmərəli edə bilər. Lakin burada akademik dürüstlük prinsipi xüsusi əhəmiyyət daşıyır. Süni intellekt müəllimin rəqibi deyil. Bir çox müəllim tələbələrin ChatGPT və digər süni intellekt sistemlərindən istifadə etməsindən narahatdır. Halbuki məsələ bu alətlərin istifadəsi deyil, istifadə məqsədidir. Əgər tələbə süni intellektdən yalnız hazır cavab almaq üçün istifadə edirsə, öyrənmə prosesi zəifləyir. Lakin həmin alətlər fikir yaratmaq, müxtəlif mövqeləri müqayisə etmək, hüquqi sənədləri analiz etmək və ya xarici mənbələri anlamaq üçün istifadə edilirsə, onlar müəllimin ən güclü köməkçilərindən birinə çevrilə bilər. Müəllim rəqəmsal dünyanı rəqib kimi deyil, tərəfdaş kimi qəbul etdikdə təhsil prosesi daha məhsuldar olur.
Müasir təhsil sisteminin qarşısında duran əsas məqsəd rəqəmsal texnologiyalarla humanist dəyərlər arasında balans yaratmaqdır. Süni intellekt, böyük verilənlər və rəqəmsal platformalar təhsili sürətlə dəyişdirsə də, insanı insan edən xüsusiyyətlər – empatiya, etik məsuliyyət, yaradıcı düşüncə, vicdan və sosial məsuliyyət – heç bir texnologiya ilə əvəz edilə bilməz.
Universitetlərdə rəqəmsal transformasiya yalnız texniki yeniliklərlə məhdudlaşmır. Bu proses tədris fəlsəfəsini də dəyişir. Auditoriyada passiv dinləyici modeli yerini aktiv iştirakçı modelinə verir. Layihə əsaslı öyrənmə, problem əsaslı tədris, simulyasiyalar, virtual laboratoriyalar, onlayn əməkdaşlıq platformaları və qarışıq (blended) təhsil müasir ali məktəbin ayrılmaz hissəsinə çevrilir. Bununla yanaşı, müəllimin rolu daha da strateji xarakter alır. İnformasiyanın bolluğu şəraitində tələbəyə düzgün istiqamət göstərmək, etibarlı mənbələri seçməyi öyrətmək, tənqidi düşüncəni formalaşdırmaq və etik davranış nümunəsi olmaq müəllimin əsas funksiyasına çevrilir.
Hüquqi baxımdan rəqəmsal təhsil yeni çağırışlar yaradıb. Şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik, müəllif hüquqları, elektron qiymətləndirmənin şəffaflığı, alqoritmik qərarların ədalətliliyi və süni intellektin istifadəsində insan hüquqlarının təmin olunması artıq təhsil hüququnun mühüm istiqamətlərinə çevrilib. Xüsusilə süni intellekt vasitəsilə tələbələrin qiymətləndirilməsi zamanı ayrı-seçkilik riskləri, alqoritmik qərəzlilik və qərarların izah edilə bilməsi məsələləri hüquqşünasların və təhsil ekspertlərinin diqqət mərkəzindədir. Bütün bunlar insan hüquqlarına əsaslanan yanaşma tələb edir və əsas şüar budur ki, texnologiya insanı əvəz etməsin, ona xidmət etsin.
Əlbəttə, rəqəmsallaşmanın mənfi tərəfləri də mövcuddur. İnformasiyanın sürətlə istehlakı bəzən səthi düşünməyə, sosial şəbəkələr isə diqqətin parçalanmasına səbəb olur. Virtual ünsiyyət real sosial bacarıqları müəyyən qədər zəiflədə bilir. Buna görə universitetlər texnologiyadan istifadə etməklə yanaşı, canlı müzakirələri, komanda işini, debatları və tənqidi dialoqu da qoruyub saxlamalıdır.
Gələcəyin universiteti süni intellekti qadağan edən deyil, ondan etik və məsuliyyətli istifadə etməyi öyrədən universitet olacaq. XXI əsrin universiteti yalnız diplom verən müəssisə deyil, rəqəmsal savadlılığı, hüquqi düşüncəni, psixoloji dayanıqlılığı və sosial məsuliyyəti formalaşdıran inkişaf məkanı olmalıdır. Z nəsli yeni problemlər yaratmır, onlar sadəcə yeni dövrün reallıqlarını auditoriyaya gətirirlər. Həmin reallıqları anlamaq və düzgün istiqamətləndirmək isə müasir təhsilin ən mühüm vəzifəsidir. Bəlkə də Z nəslini dəyişməyə çalışmaq əvəzinə, əvvəlcə onları anlamağa çalışmalıyıq. Çünki hər nəsil öz dövrünün məhsuludur. Müəllimin böyüklüyü isə tələbəni keçmişə qaytarmaqda deyil, onu gələcəyə hazırlamaqdadır. Universitet auditoriyasında qarşı-qarşıya dayanan iki fərqli nəsil yox, eyni məqsədə gedən iki fərqli təcrübədir. Onları birləşdirən isə etibar, ünsiyyət və qarşılıqlı öyrənmək istəyidir. Məhz bu üç dəyər XXI əsr universitetinin ən mühüm texnologiyasıdır. Gələcəyin uğurlu müəllimi ən çox danışan deyil, ən yaxşı dinləyən, dəyişən dünyanı öyrənən və tələbəsi ilə birlikdə inkişaf etməyi bacaran müəllim olacaq!
Mələkxanım Rəhimova
Bakı Dövlət Universiteti Hüquq fakültəsi
İnsan Hüquqları və informasiya hüququ
UNESCO kafedrasının müəllimi