"Yay dua, qış dərd oldu" : Zaqatala sakinlərinin qaz həsrəti
21 may 2025 11:24 (UTC +04:00)

"Yay dua, qış dərd oldu": Zaqatala sakinlərinin qaz həsrəti

Yay gələndə qışı, qış gələndə isə yayı arzulamaq bizim milli xarakterimizin bir parçasıdır. Lakin bu arzu daha çox rahatlıqdan doğur. Bizdən fərqli olaraq, bir çox dağlıq və dağətəyi kəndlərdə yaşayanlar üçün bu dəyişkən arzuların yerini tək bir dua alır: “Həmişə yay olsun!”

Zaqatalanın ucqar kəndlərindən biri olan Gözbaraxda bu dua sadəcə söz deyil, illərin məşəqqətindən süzülüb gələn bir fəryaddır. Çünki bu kəndin sakinləri illərdir ki, qışda odunla isinməyə məcburdurlar. Soba tüstüsü, odun çatışmazlığı, hər il yüksələn yanacaq qiymətləri Gözbaraxlılar üçün qışı fiziki və maddi dözümlülük sınağına çevrib.

Bir vaxtlar sakinlərə kənddə qaz xəttinin çəkilməsi ilə bağlı vədlər verilsə, kəndə qaz boruları gətirilsə də, nə qazdan səs çıxıb, nə borulardan soraq… 

Gözbaraxlılar isə ümidlə hər qışın sonunu gözləyir, bəlkə gələn qış artıq odun sobasını deyil, qazı yandırarlar…

Sakinlər bildirirlər ki, onlar ən yaxşı halda həyətlərindəki qurumuş ağacları kəsirlər, çox zaman isə odun almağa pul olmur.

Görünən odur ki, əkin-biçinlə dolanmağa çalışan kənd əhalisi üçün qış sadəcə bir fəsil deyil, həm də gündəlik mübarizədir.

“Azəriqaz” İstehsalat Birliyi isə məsələ ilə bağlı Lent.az-a bildirilib ki, Zaqatala rayonunun təbii qazla təmin olunmayan əraziləri, eləcə də Gözbarax kəndinin qazlaşdırılması məsələsinə mərhələli şəkildə baxılacaq:

“Hal-hazırda Respublikamızda qazlaşdırılmayan kəndlər və eləcə də qazlaşdırılmadan sonra salınmış yeni yaşayış massivləri, həmçinin yeni inşa edilmiş fərdi evləri olan yaşayış məntəqələri mövcuddur.

Bu məntəqələrdə tədricən mövcud maliyyə resurslarına uyğun olaraq müvafiq qazpaylayıcı infrastrukturunun qurulması işləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi  tərəfindən mərhələli olaraq davam etdirilir. Zaqatala rayonunun təbii qazla təmin olunmayan yaşayış məntəqələrinin və yeni yaşayış massivlərinin, o cümlədən müraciətdə qeyd olunan Gözbarax kəndinin qazlaşdırılması məsələsinə mərhələli şəkildə Birliyin mövcud maliyyə imkanları çərçivəsində baxılacaqdır.”,-deyə qeyd olunub.

Hələliksə, Gözbaraxda yaz fəsli sevinclə qarşılanır. Bu sevinci doğuran isə nə təbiətin canlanması, nə də torpağın məhsuldarlığıdır. Bu sevinci yandırılmayan odunlar, tüstüsüz keçən axşamlar gətirir.

Ümid edək ki, yaxın gələcəkdə Gözbarax sakinləri də Azərbaycanın qazla isidilən kəndləri siyahısına qoşulacaq və daha heç bir uşaq soba başında dərs oxumağa məcbur qalmayacaq.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742

Oxşar yazılar