Son illər, taleyin gərdişindən ən çox getdiyim yas yeri, son aylar, son günlər isə çox getdiyim məzarlıq olub. Pessimizmə qapıldığımı zənn etməyin, hərçənd cavan qardaşımı ürək damarının tıxanmasından itirdiyimin bir ili tamam olmamış bu pandemiya keçdi boğazımıza və ondan da gənc əmioğlumuzu itirdik. Sonra mamamın yoldaşı. Məlum, ailə yasdan çıxa bilmədi, məzarlığa çox getməli olduq.
Hamının başına gələn olaylardı, hamı köçür bu dünyadan, gec-tez.
Şanlı müharibəmizdə itirdiyimiz oğullar doğmalardan da ağır oldu. Bu qədər gənc, cəsarətli oğulun dəfn edildiyi Şəhidlər xiyabanı, Fəxri xiyaban ən çox getdiyim məkan oldu. İndi də...
Gedirəm, elə bil, nisbətən təskinlik tapıram onların ruhu qarşısında. Hamısının məzarına gül çatdıra bilməsəm də hamısını ziyarət edirəm. Hamısının ruhuna borclu bilirəm özümü, nur içində yatsınlar.
Hərdən qibtə edirəm onlara - fani dünyada şərəflə torpaq altına köçmək hər kəsə qismət olan xoşbəxtlik deyil. Mən şərəfli ölümü xoşbəxtlik hesab edirəm. Müharibəmiz gedən vaxtlar virusa yoluxmaqdan çox qorxurdum. Şəhid olmaq varkən, Allah bizi virusdan öldürməsin deyirdim. Gedib o torpaqlarda cəsarətlə ölmək, vuruşmaq da, ölə bilmək də qəhrəmanlıqdır.
Bir də şərəfsizliklə ölmək var - uzaq olsun. Öldünlə qaldının heç kim üçün fərqi olmasın. Sağkən ölünün biri olasan... Dünyadan köç edəndə arxasınca lənətlər yağdırılan adam gördük bu dünyada... Öləndə heç kim təəssüf etməyən, bir damla göz yaşını qazanmayan adam gördük.
Ölümü ilə hamını qəhərə boğan, hamının itkisinə çevrilən adamlar da çoxdur, şükür. Şəhidlərimizdən qeyri deyirəm, öz əcəli ilə, missiyasını bitirib rəhmətə gedən və hamını arxasınca ağladan adi adamlar.
Son illər məni ən çox düşündürən də bu mövzudur... Bu dünyada yalnız yaxşılıq qalacaq, yaxşı adamın timsalında. Nə qədər bacarırsan yaxşı ol, yaxşılıq et.
Nə hərisi olduğun var-dövlət, nə başqasının bacardığı sənin qısqandığın hər hansı keyfiyyət (yaxşılıqdan qeyri), kiminsə haqqına girib qazandığın yer-vəzifə, heç nə, heç nə qalmayacaq səndən. O var-dövlət, oğurladığın varidat qala bilər övladlarına, əgər onların üstündə kiminsə haqqı, ahı, lənəti varsa, gec-tez övladların onun bədəlini ödəyəcək. Bu dünya bumeranq effekti ilə binə olub - bu aksiomdur, etdiyin hər şeyi yaşayacaqsan, qayıdacaq özünə. Pislik də, yaxşılıq da, kainata ötürdüyün dua, qarğış belə qayıdıb, bumeranq kimi öz alnından vuracaq.
Doğmaların itkisi, ağır olur, amma adamı kamilləşdirir. Yas yerlərinə, dəfnə, məzarlığı ziyarət getmək adamı böyüdür, ağıllandırır, çünki düşündürür.
O öz qınını bəyənməyib, başqasının qınına pərçim olunmaq istəyən adamlar var... Bir gün qınsız qalırlar, söz yox. Toylarına yaxın, amma kasıb qohum-əqrəbasını, qonşusunu deyil, Arazdan keçəndə yeli dəyən, imkanlı adamları çağırar, özünün onların cəmiyyətindənmiş kimi qələmə verər, özününkünü saymaz, sizdən deyiləm kimi davranar...lap uzun müddət...ölənə qədərdi. Öldü, onu yerdən həmin saymadığı adam qaldırar, yuyata aparar, məzarını qazar, dəfn edər, yasını urvata salar həmin saymadığı adamlar, ona rəhmət oxuyar, günahlarının bağışlanmasını diləyərlər.
Müşahidə edən zaman düşünmüşəm ki, görəsən, adam qalxa bilsə, bu adamlara “məni bağışlayın, sizə dəyər verməmişəm, dəyərli adamlar” - deyərmi..?
“Bu dünyada onu ən çox ağladanın, ən çox ağlatdığı adam olduğunu” indi anlayırmı...
Ətrafımda nə qədər imkansız, sadə, səmimi adam var-onları sevirəm, onlara güvənirəm. Bacardıqca yaxşılıq etmək, yaxşı olmaq istəyirəm. Yaxşı adamla qibtə edirəm. Tanrı imkan versin, daha çox yaxşılıq edə bilim...
İstəmirəm üstümdə molla yasin oxusun, istəyirəm daha çox adamın yanaqları boyu bircə damla göz yaşı axsın – hayıf, yaxşı adam idi desin. İllər sonra belə kimsə haqqımda yaxşı xatirəsini bölüşsün, rəhmətlə xatırlasın...
Belə adamlara qibtə etmişəm onlar öləndə. Və bunu qazanmaq üçün bir az möhlət istəyirəm, bir də qızlarımın əlini çörəyə çatdırmaq üçün, vəssalam... daha heç nə istəmirəm.
Pessimist deyiləm, həyat davam edir, yaşamaq fikrindəyəm, hər şey sabah daha gözəl olacaq, sadəcə həyatı dərk etdikcə daha yaxşı adam olmaq istədiyimi bölüşmək istədim. Siz də yazının şərhlərində yazın ki, sən elə yaxşı adamsan...bu da yaxşılıq sayılır, daha çox xoş söz deyib, insan sevindirmək. Haydı...yaxşı adamlar, yaxşılığı sabaha saxlamayaq, sonra gec ola bilər, yanındakına xoş söz deməkdən başla!